“Qarabağ” fevralın 16-da UEFA Konfrans Liqasının pley-off mərhələsində Belçika klubu “Gent”i qəbul edəcək.
Qış transfer dönəmində Kadi Borges və Ovusu Kvabenanı satan, əvəzində Redon Cica, Yassin Benzia və Adama Diakabini heyətinə cəlb edən Azərbaycan çempionu qapıçı mövqeyini gücləndirə bilməyib. Üstəlik, əsas qolkiper Şahruddin Məhəmmədəliyev zədələnərək, uzun müddətlik sıradan çıxıb.
2005-2007-ci illərdə Ağdam klubunun qapısını qorumuş Azərbaycan millisinin sabiq qolkiperi, hazırda isə AFFA-nın Texniki direktoru vəzifəsində çalışan Cahangir Həsənzadə “Report”a müsahibəsində həm “köhlən atlar”ın şanslarını dəyərləndirib, həm də qapı xətti ilə bağlı problemin yarada biləcəyi mümkün fəsadlarından danışıb.
- “Qarabağ”ın UEFA Konfrans Liqasının pley-off mərhələsində “Gent”lə ilk oyunundan nə gözləyirsiniz?
- “Qarabağ” artıq elə mərhələdədir ki, burada zəif rəqib yoxdur. Pley-offa təsadüfi düşən komanda ola bilməz. Hətta “Qarabağ” özü də Avropa Liqasının qrupunda kifayət qədər gərgin mübarizənin nəticəsində Konfrans Liqasına vəsiqə əldə etdi. “Gent” tanınmış komandadır. Böyük klub olmasa da, kifayət qədər zəngin təcrübəsi var.
- Komandanın qış fasiləsindən sonra Premyer Liqada keçirdiyi matçlara əsasən hansı fikir yürütmək olar?
- Ağdamlıların hazırkı durumunu nəzərə almaq lazımdır. Əsas heyətin iki üzvü digər klublara transfer olunub və yeni gələnlər hələ istənilən formada deyillər. Bu amillər qorxu doğurur. Həmçinin, əsas qapıçının olmamasını qeyd eləmək lazımdır. Məncə, heyət baxımından “Qarabağ” disbalans vəziyyətdədir. Hesab edirəm ki, Bakıdakı birinci görüşdə şübhələrimizə son qoyulacaq. Premyer Liqanın son iki turunda komanda rəqibləri ilə heç-heçə edib. Həmçinin, “Turan Tovuz” üzərində gərgin mübarizə nəticəsində çətinliklə qələbə qazanıb. Bəlkə də heyətdəki rotasiyaların bunda rolu oldu. Ola bilsin ki, Qurban Qurbanov optimal bildiyi heyəti formalaşdırmaq üçün bu matçlarda bəzi gedişlərə əl atıb.
- Şahruddin Məhəmmədəliyevin də zədələndiyini nəzərə alsaq, qışda yeni qapıçı transfer edilməməsi ciddi problemə yol açmaz?
- “Qarabağ”da qapıçı məsələsi həssas mövzudur. Burada bir çox amillər komandanın siyasətinə təsir edir. Razıyam ki, mövcud vəziyyət o qədər də ürəkaçan deyil. Çünki qapıçılardan biri perspektivli gənc Amin Ramazanov, digəri isə təcrübəli, amma kifayət qədər oyun təcrübəsi olmayan Luka Quqeşaşvilidir. Qurban müəllimin kimə güvənəcəyini matç günü biləcəyik.
- Qapıçı transferinin baş tutmaması sizcə, nədən qaynaqlanır?
- İşin içində olan biri kimi deyə bilərəm ki, qış transfer pəncərəsində yaxşı qapıçı tapmaq müşkül məsələdir. “Qarabağ” kimi gəldi almaqdansa, keyfiyyətə önəm verir. Yəqin buna görə transfer dönəmində qapı xəttinə yeni oyunçu almadılar. Ola bilsin ki, kimlərləsə danışıblar, razılıq əldə edə bilməyiblər. Mövsümün sonu olsaydı, daha çox variant yaranardı. Çünki həmin vaxt müqaviləsi bitən oyunçular da olur. Zənnimcə, bu səbəbdən qapıçı transferinə geniş yer verilməyib.
- Premyer Liqa oyunları göstərir ki, Amin Ramazanov hələ hazır deyil. Belə vəziyyətdə avrokuboklarda ona güvənmək riskli deyil?
- Razıyam. Düzdür, gənc qapıçımızın meydanda olması o deməkdir ki, həyəcanlı dəqiqələrimiz olacaq. Amma bu oyun peşəkar karyerasında irəli getmək üçün ona böyük təkan verəcək. İstənilən halda qapıçıya oyun praktikası çox vacibdir. Bilavasitə bu cür məsuliyyətli görüş olduğu zaman təcrübə birəbaş artır. Seçim baş məşqçinindir. Yəqin ki, bütün bunları ölçüb-biçiblər. Qapıda kimin dayanmasından asılı olmayaraq, “Qarabağ”a “Gent”lə görüşlərdə uğurlar arzulayıram.
- “Qarabağ”ın mərhələ adlamaq şansını necə görürsünüz?
- “Qarabağ”dan gözləntilərimiz, istəklərimiz çoxdur. Məncə, növbəti mərhələyə vəsiqə şansları yarı-yarıyadır. Hətta “Qarabağ” üçün daha çətin olacağını düşünürəm. Xüsusən də, ilk görüşün ağır alınacağını hesab edirəm. Təmsilçimiz cavab qarşılaşmasında daha rahat çıxış edə bilər. Çünki həmin vaxt həm rəqibi daha yaxşı tanımış olacaqlar, həm də futbolçuların beynəlxalq təcrübələri olacaq. Bu, komandaya cavab görüşündə təkan verəcək.