Bakı. 9 iyun. REPORT.AZ/ Almaniyanın "Bayer" futbol klubunun keçmiş baş məşqçisi Saşa Levandovski 44 yaşında vəfat edib.
Bu barədə "Report" "TASS"a istinadən xəbər verir.
Məşqçi Boxumdakı mənzilində ölü tapılıb. Ölüm səbəbləri dəqiqləşdirilir.
Mart ayında Levandovski "Union Berlin" komandasının baş məşqçisi vəzifəsindən gedib.
2012-ci ilin aprel ayında fin Sami Xyuyupya ilə birgə "Bayer" komandasının baş məşqçisi vəzifəsinə təyin olunub. 2012/2013-cü mövsüm bitdikdən sonra o, "Leverkuzen" klubunun gənc komandası ilə işinə qayıdıb.
2014-cü il aprel ayında Xyuyupyanın işdən azad olunmasından sonra Levandovski üç ay ərzində "Bayer" klubunun baş məşqçisinin vəzifələrini icra edib. 2015-ci ilin sentyabrında o, "Union Berlin"ə rəhbərlik edib.