Kike Setyen İspaniyanın "Barselona" futbol komandasının baş məşqçi postundan kənarlaşdırılıb.
"Report"un məlumatına görə, bu barədə klub prezidenti Xosep Bartomeu COPE radiosuna açıqlamasında bildirib. "Setyen işindən azad olundu" deyə o vurğulayıb.
61 yaşlı mütəxəssisi İngiltərə "Tottenhem"inin sabiq baş məşqçisi Maurisio Poçettino, hazırda Hollandiya millisinə rəhbərlik edən Ronald Kuman və ya "Barselona"nın keçmiş kapitanı, artıq Qətərin "Əl-Sədd" komandasının sükanı arxasında olan Xavi əvəzləyə bilər.
Setyen Kataloniya komandasına yanvarda Ernesto Balverdenin əvəzinə təyin olunub. Onun rəhbərliyi dövründə İspaniya La Liqasının qalibi ola bilməyən "Barselona" Çempionlar Liqasının 1/4 finalında Almaniya "Bavariya"sına böyük hesabla uduzub - 2:8.