Bakı. 18 yanvar. REPORT.AZ/ İspaniyanın “Barselona” klubu Kral Kubokundan kənarlaşdırıla bilər.
“Report” “Marca”ya istinadən verdiyi məlumata görə, səbəb Kataloniya təmsilçisinin yarışın reqlamentini pozmasıdır. “Barselona” “Levante”yə səfərdə 1:2 hesabı ilə uduzduğu 1/8 final mərhələsinin ilk oyununda sarı vərəqə limitini doldurduğu üçün cəzalı durumda olan Xuan Brandaris Movilyanın xidmətindən istifadə edib. Start heyətində yer alan və matçın 58-ci dəqiqəsində əvəzlənən mərkəz müdafiəçisinin “Barselona”nın ikinci komandasında aldığı “sarı”ya görə cəzalı olduğu bildirilir.
Artıq İspaniya Kral Futbol Federasiyası da “Barselona”nın cəzalı futbolçunun xidmətindən istifadə etdiyini təsdiqləyib. Lakin kataloniyalılar bununla razılaşmır. Klubdan deyilib ki, məsələ ilə bağlı matç başa çatdıqdan sonra 48 saat ərzində rəsmi şikayət ərizəsi olmalıdır. Reqlamentin pozulmasından cavab görüşü ərəfəsində xəbər tutan “Levante”nin prezidenti Kiko Katalan isə milli federasiyaya şikayət edəcəklərini açıqlayıb.
Yanvarın 17-də keçirilmiş cavab qarşılaşmasında 3:0 hesabı ilə qələbə qazanan “Barselona” 1/4 finala vəsiqə qazanıb.
Qeyd edək ki, 2015-ci ilin dekabrında “Real Madrid” klubu Kral Kubokunun 1/16 finalından “Kadis”lə ilk matçda cəzalı Denis Çerışevin xidmətindən istifadə etdiyi üçün yarışdan kənarlaşdırılıb.