Bakı. 12 may. REPORT.AZ/ Bakıda 17 yaşadək futbolçular arasında keçirilən Avropa çempionatında 1/4 finala daha 2 vəsiqə sahibini tapıb. "Report"un məlumatına görə, bunlar D qrupunda yer alan İspaniya və Hollandiya milliləridir.
3-cü turda İspaniya İtaliyaya 4:2 hesabı ilə qalib gəlib. Hollandiya isə Serbiyanı məğlub edib - 2:0. Beləliklə, İtaliya 3, Serbiya 1 xalla qrupda qalıb. 7 xala malik İspaniya ilə 6 xal toplayan Hollandiya qrupda ilk 2 yerin sahibləri kimi mərhələ adlayıb.
Bu komandaların 1/4 finaldakı rəqibləri bu axşam müəyyənləşəcək. C qrupunda İsveç - Fransa və Danimarka - İngiltərə qarşılaşmalarından sonra ilk 2 yeri tutanlar müvafiq olaraq, Hollandiya ilə İspaniyanın rəqibi olacaqlar.
Avropa çempionatı
D qrupu
İspaniya - İtaliya - 4:2
Qollar: Brahim Dias, 44. Fransisko Qarsia, 59. Abel Ruis, 76. Pol Lozano, 80+1 - Marko Olivyeri, 65-penalti ilə. Andrea Pinamonti, 72
Serbiya - Hollandiya - 0:2
Qollar: Marko İliç, 72-öz qapısına. Dilan Vente, 80+1
Qeyd edək ki, daha öncə 1/4 finalda Portuqaliya - Avstriya və Almaniya - Belçika qarşılaşmalarının keçiriləcəyi dəqiqləşib. Oyunlar 14-15 mayda olacaq.