Azərbaycanın U-17 millisinin baş məşqçisi: “Komanda Avstraliya ilə oyunlarda ümid verdi”

Azərbaycanın U-17 millisinin baş məşqçisi: “Komanda Avstraliya ilə oyunlarda ümid verdi” Son vaxtlarda Türkiyə və Avstraliya yığmaları ilə oyunlarda uşaqlar ümid verdi.
Futbol
18 Oktyabr , 2024 15:24
Azərbaycanın U-17 millisinin baş məşqçisi: “Komanda Avstraliya ilə oyunlarda ümid verdi”

Komanda Avstraliya yığması ilə oyunlarda ümid verdi.

Bunu “Report”a açıqlamasında Azərbaycanın 17 yaşadək (U-17) futbolçulardan ibarət millisinin baş məşqçisi İlham Yadullayev Birləşmiş Ərəb Əmirliklərində baş tutan təlim-məşq toplanışı barədə deyib.

Mütəxəssis hazırlıq prosesini dəyərləndirib:

“Oktyabrın 7-də Bakıda toplanışa başladıq. İki gündən sonra isə Birləşmiş Ərəb Əmirliklərinə gəldik. Ayın 14-də və 16-da oyunlarımız var idi. Bu, Avropa çempionatının seçmə mərhələsindən əvvəl sonuncu təlim-məşq toplanışı idi. Uşaqları yoxlamaq istəyirdik. Avstraliya güclü rəqibdir. Ümumiyyətlə, ilk dəfədir bu yığma ilə qarşılaşırdıq. Uşaqların hamısına şans verməyə çalışdıq. Məşqlərin yaxşı keçdiyini deyə bilərəm. Xüsusən də taktiki cəhətdən uşaqlardan razı qaldım. İstədiklərimizi yerinə yetirdilər. Düşünürəm ki, ilk oyunda qələbə qazanmalı idik. Qol şanslarından yararlana bilmədik. İkinci oyuna rəqib təzyiqlə başladı və hesabda önə çıxdı. Lakin komandamız əzmkarlıq, xarakter göstərdi və hesabı bərabərləşdirdik. Oyundan öncə Avstraliya millisinin baş məşqçisi hesab bərabər olacağı təqdirdə penaltilərlə qalibi müəyyənləşdirməyi təklif etmişdi. Çox şadam ki, uşaqlar 11 metrlik cərimə zərbələrini yaxşı yerinə yetirdilər”.

Baş məşqçi Avropa çempionatının seçmə mərhələsində qarşılaşacaqları rəqibləri dəyərləndirib:

"Çox çətin rəqiblərlə düşmüşük, demək olar ki, eyni səviyyədədirlər. İndidən nəsə demək tezdir. Ona görə də heyəti qorumağa çalışacağıq. Seçmə mərhələ ilə bağlı ümidimiz böyükdür. Hər üç rəqibimizin oyunlarını izləmişəm. Çalışacağıq keçirdikləri son matçların da videogörüntülərini tapaq. İlk görüş Macarıstana qarşı olacaq. Bu komandanı geniş təhlil etmişik. Digər rəqibləri də çempionat zamanı detallı təhlil edib hazırlaşacağıq”.

Qeyd edək ki, U-17 Birləşmiş Ərəb Əmirliklərindəki toplanış zamanı Avstraliya millisi ilə iki yoxlama matçı keçirib. İlk görüş 0:0 hesabı ilə yekunlaşıb. İkinci qarşılaşma da heç-heçə bitib - 2:2. Bu dəfə qalibi müəyyənləşdirmək üçün penaltilərdən istifadə edilib və Azərbaycan komandası daha dəqiq olub - 4:2.

U-17 Avropa çempionatının seçmə mərhələsində VI qrupda Yunanıstan, Macarıstan və Rumıniya ilə mübarizə aparacaq.

Son xəbərlər

Orphus sistemi