19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisinin baş məşqçisi Ağatahir Əzimovun müqaviləsinin müddəti uzadılacaq.
Bu barədə “Report”a açıqlamasında 49 yaşlı mütəxəssis məlumat verib.
A.Əzimov bildirib ki, avqustda Azərbaycan Futzal Federasiyasından onunla əlaqə saxlayaraq, yeni sazişə qol çəkiləcəyi deyilib: “Federasiyanın meneceri zəng vuraraq, prezident Zaur Axundovun mənimlə müqaviləni yeniləyəcəyini dedi. Zaur müəllim mətbuata müsahibəsində də mənimlə yollarına davam edəcəklərini açıqlamışdı. Bütün məşqçilər yeni müqavilə imzalamağa gedəndə məni də çağıracaqlar”.
Baş məşqçi hazırda komandanın “sükanı arxasında" olmadığını, federasiya prezidentinin istəyi ilə gözləmə mövqeyi tutduğunu söyləyib: “Ürəyimdən əməliyyat olunduğum üçün MDB Oyunlarında İlqar Aslanov məni əvəz etmişdi. Komanda qayıtdıqdan sonra uşaqlara bir az məşq keçdim. Ancaq Zaur Axundov səhhətimə görə narahatlıq keçirdiyini bildirdi. Hələlik gözləməyimi məsləhət gördü. Düzdür, səhhətimlə bağlı heç bir problemim yoxdur. Lakin mənə hələ əsəbiləşmək olmaz. Hazırda gözləmə mövqeyindəyəm”.