Azərbaycanın daha 3 klubu qış-təlim məşq toplanışı üçün Türkiyənin Antalya şəhərinə yola düşüb.
"Report"un məlumatına görə, "Qarabağ", "Sumqayıt" və "Sabah" səhər saatlarında qonşu ölkəyə yollanıblar.
"Gloria Sports Arena"da məskunlaşacaq Ağdam klubu yanvarın 14-ü "Qaz Metan" (Rumıniya), yanvarın 21-i "Şlyonsk Vroçlav" (Polşa), yanvarın 25-i isə “Visla Krakov” (Polşa) klubları ilə üz-üzə gələcək. Yanvarın 21-i və 25-i daha iki oyun nəzərdə tutulub. Komanda səhər saatlarında Serbiyanın "Batska Topola" və Slovakiyanın "Tatran" klubları ilə üz-üzə gələcək. Bu iki oyunda əsasən, gənc futbolçulara şans veriləcək.
"Sabah" yanvarın 15-də “Pakş” (Macarıstan), yanvarın 25-də isə “Mladost” (Luçani, Serbiya) ilə görüşəcək. Komandanın üçüncü - sonuncu rəqibi dəqiqləşməyib.
Digər iki rəqibi hələlik bəlli olmayan "Sumqayıt" yanvarın 16-da "Uypeşt"lə (Macarıstan) qarşılaşacaq.
"Qarabağ" və "Sabah" hazırlıq proseslərini yanvarın 26-da, "Sumqayıt" isə yanvarın 23-də yekunlaşdıracaq.
Qeyd edək ki, daha əvvəl "Zirə" və "Neftçi" Antalyaya yollanıb.