"Zirə"nin yeni transferi: "Ermənistanda futbolun vəziyyəti ürəkaçan deyil" - MÜSAHİBƏ

"Zirə"nin yeni transferi: "Ermənistanda futbolun vəziyyəti ürəkaçan deyil" - MÜSAHİBƏ Bakı. 31 yanvar. REPORT.AZ/ Zirə klubunun yeni transferi, əvvəllər Ermənistanın Şirak klubunda da çıxış etmiş Kot dİvuardan olan futbolçu İsmail Fofananın Reporta müsahibəsi
Futbol
31 Yanvar , 2019 13:29
Zirənin yeni transferi: Ermənistanda futbolun vəziyyəti ürəkaçan deyil  - MÜSAHİBƏ

Bakı. 31 yanvar. REPORT.AZ/ "Zirə" klubunun yeni transferi, əvvəllər Ermənistanın "Şirak" klubunda da çıxış etmiş Kot dİvuardan olan futbolçu İsmail Fofananın "Report"a müsahibəsi 

- "Zirə"yə keçidiniz necə gerçəkləşdi?

- Bu, mənim üçün ən yaxşı qərar oldu. Çünki digər ölkələrin komandalarına getmək imkanım da var idi. Sadəcə, "Zirə"nin potensialını bilirdim. Başa düşdüm ki, mənim ehtiyacım olan potensial bu klubda var. Ona görə də "Zirə"yə gəlməyi üstün tutdum. Yeni komandama lazım olan köməyi göstərməyə çalışacağam.

- Əvvəlcədən "Zirə" və Azərbaycan futbolu haqqında məlumatınız var idi?

- Bəli. Daha öncə Serbiyanın "Partizan" klubunda çıxış edərkən "Neftçi"yə qarşı oynamışdım. Bu, 2014-cü ildə Avropa Liqasının pley-off mərhələsinə təsadüf etmişdi. Həmin vaxt Belqradda (3:2) meydana çıxsam da, Bakıdakı görüşdə (1:2) ehtiyatda qalmışdım. Yəni, artıq Azərbaycan futbolu barədə təsəvvürüm var idi. Həmçinin "Zirə" haqqında da məlumat toplamışdım. Bilirdim ki, bu komanda necə futbol oynayır. 

- Azərbaycana gələn bəzi legionerlər komandalarda möhkəmlənməyə çətinlik çəkirlər. Necə düşünürsünüz: bunun öhdəsindən gəlib komandada möhkəmlənə biləcəksiniz?

- Bu barədə indidən bir söz deyə bilmərəm. Bunu zaman göstərəcək. Komandada qalmaq lazım gələrsə, qalacağam. Başqa bir kluba getmək zərurəti yaransa, gedəcəyəm. Bu barədə bir söz deyə bilmərəm.

- Komanda yoldaşlarınız və baş məşqçi ilə bağlı hansı təəssüratlarınız var?

- Bura ilk dəfə gələndə ikinci komanda ilə məşq etdim. Oradakı oyunçular mənimlə ünsiyyət qurmaqda çətinlik çəksələr də, bizə olan marağı hiss edirdim. Dünən əsas komanda ilə ilk məşqimizə çıxdıq. Bu, sadəcə möhtəşəm idi. "Zirə"də böyük ailə ruhunun olduğunu hiss edirəm. Komanda yoldaşlarımın mənə olan dəstəyini artıq ilk gündən hiss etdim.

- "Zirə"də hücumçuların sayı çoxdur. Həmin mövqedə oynaya bilən başqa oyunçular da var. Heyətə düşmək üçün rəqabətə tab gətirə biləcəyinizə əminsinizmi?

- Komanda mənimlə birlikdə 5 hücumçu var. Düşünürəm ki, sizin də vurğuladığınız kimi, kəskin rəqabət olacaq. Mən "Zirə"yə komandaya kömək etmək üçün gəlmişəm. Oynamaq imkanım olsa, təbii ki, əlimdən gələni əsirgəməyəcəyəm. Bacardığımın ən yaxşısını verməyə çalışacağam. Belə bir şans əldə edə bilməsəm, öz üzərimdə işləməyə davam edəcəyəm.

- "Zirə"nin Türkiyənin Antalya bölgəsindəki qış təlim-məşq toplanışında iştirak edə bilmədiniz. Bu, sizə problem yarada bilər?

- Müəyyən müddətdə mənim üçün çətin olacağını bilirəm. Amma düşünürəm ki, çox da çətin olmayacaq. Çünki mövsümün ilk yarısını dekabrın 15-də Serbiya "Voyvodina"sında başa vurmuşam. İnanıram ki, tezliklə ən yaxşı formamı bərpa edəcəyəm.

- Karyeranız ərzində bir neçə fərqli komandalarda çıxış etmisiniz. Bunların arasında Ermənistan "Sirak"ı da var. Bura gələnədək Ermənistan və Azərbaycan münasibətlərindən xəbəriniz var idi?

- Xeyr, bu barədə heç nə bilmirəm. Futbol - mənim həyatımdır. Azərbaycana futbol oynamaq üçün gəlmişəm. Bu haqda danışmaq istəmirəm. Ölkələrin tarixləri barədə də maraqlanmamışam.

- Ermənistandakı futbolun səviyyəsi barədə nə deyə bilərsiniz?

- Demək olar ki, iki ilə yaxın Ermənistanda oynamışam. O ölkədə futbolun vəziyyəti elə də ürəkaçan, səviyyəsi ümumiyyətlə yaxşı deyil. Düşünürəm ki, Azərbaycandakı futbol daha yaxşı olacaq. Onun üçün buraya gəlmişəm. Düzü, bu ölkədəki futbolu da hələ tam görməmişəm. Oynadıqca bunun şahidi olacağam. Məncə, Azərbaycandakı futbolun səviyyəsi Ermənistandan daha yaxşıdır.

- "Zirə" Premyer Liqada son pillədə qərarlaşıb. Komandanın yuxarı sıralara yüksələcəyinə ümid etmək olarmı?

- Komandamızın sonuncu yerdə olduğunu bilirəm. Mən də bura gəlmişəm ki, "Zirə"ni bu durum çıxarmağa kömək edim. Buna komanda yoldaşlarımla birə nail olacağıq. Məqsədimiz də budur. Yuxarı pillələrə yüksəlib gülən tərəfin biz olmağımızı istəyirik. 

Son xəbərlər

Orphus sistemi