UEFA koronavirus pandemiyası ilə əlaqədar olaraq Çempionlar Liqası (ÇL) və Avropa Liqasının formatını dəyişməyi düşünür.
"Report" "The Times" nəşrinə istinadən xəbər verir ki, qurum 2020/2021 mövsümündəki sıx təqvimə görə avrokuboklarda təsnifat mərhələlərini azaltmaq və ən pis halda ləğv etmək ehtimalını nəzərdən keçirir.
Çempionlar Liqasında təsnifat mərhələləri bir oyundan ibarət ola və neytral meydanda keçirilə bilər.
Başqa bir versiyaya əsasən, ÇL-in qrup mərhələsinə vəsiqə əldə edə bilməyən, UEFA reytinqdə yüksək pillələrdə olan 12 ölkənin çempionları bir oyundan ibarət pley-offda qarşılaşa bilərlər. Belə olacağı təqdirdə Azərbaycanla yanaşı UEFA reytinqində aşağı pillələrdə qərarlaşan ölkələrin təmsilçiləri Çempionlar Liqasında olmayacaq.
Qərarın UEFA İcraiyyə Komitəsinin mayın 27-dəki iclasında veriləcəyi gözlənilir.
Qeyd edək ki, Çempionlar Liqasının qrup mərhələsində iştirak edən 32 komandada 24-ü yerli çempionatlardakı nəticələrə əsasən müəyyənləşir. Yalnız 6 komanda təsnifat mərhələlərindən vəsiqə əldə edə bilir. Azərbaycan UEFA reytinqində 26-cı sıradadır.
Xatırladaq ki, Avropada Belarus çempionatından başqa bütün yarışlar koronavirus pandemiyasına görə dayandırılıb.