​Azərbaycan siyasətçiləri EURO-2016-da hansı yığmaya azarkeşlik edəcəklər - SORĞU

​Azərbaycan siyasətçiləri EURO-2016-da hansı yığmaya azarkeşlik edəcəklər - SORĞU Onların əksəriyyəti çempionata baxacaq
Futbol
10 İyun , 2016 13:06
​Azərbaycan siyasətçiləri EURO-2016-da hansı yığmaya azarkeşlik edəcəklər - SORĞU

Bakı. 10 iyun. REPORT.AZ/ Bu gün Fransada futbol üzrə Avropa çempionatı başlayır.

"Report" Azərbaycan siyasətçiləri arasında onların AVRO-2016-da hansı ölkə yığmasına azarkeşlik edəcəyi barədə sorğu keçirib.

Məlum olub ki, Azərbaycan siyasətçiləri çempionatda Türkiyə millisinə azarkeşlik edəcəklər.

Hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov Avropa çempionatına baxacağını və Türkiyəyə azarkeşlik edəcəyini bildirib: "Bizim azarkeşlik etdiyimiz milli Türkiyə yığma komandasıdır. Qalibin kim olacağını demək çətindir, çünki güclü komandalar çoxdur".

Müsavat Partiyasının başqanı Arif Hacılı Avropa çempionatına baxacağını deyib: "Çempionatın başlanmasını səbrsizliklə gözləyirəm. Təbii ki, Türkiyə yığma komandasına azarkeşlik edəcəm".

Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri Sabir Rüstəmxanlı da Avropa çempinatında Türkiyə komandasına azarkeşlik edəcəyini bildirib: "Futbol hələ ki, öz cazibəsini itirməyib. Daim izlədiyim idman növlərindəndir. Futbol stressləri götürmək üçün çox yaxşıdır. Açılışından finalına qədər izləyəcəm. Bizim bir komandamız var, o da Türkiyə yığma komandasıdır".

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədr əvəzi Arzuxan Əlizadə  Avropa çempionatında Türkiyə yığma komandasına azarkeşlik edəcək: "Şübhəsiz ki, çempionata baxacam. Çempionatda birmənalı olaraq Türkiyə komandasına azarkeşlik edəcəm. Ümid edirəm ki, Türkiyə 2008-ci ildəki çempionatda əldə etdiyi uğuru yeniləyəcək. Paralel olaraq, yaxşı oyun sərgiləyən komandalara da azarkeşlik edəcəm".

Azərbaycan Demokratik İslahatlar Partiyasının (DİP) sədri Asim Mollazadə isə Avropa çempionatında heç bir komandaya azareşlik etməyəcəyini deyib: "Çempionatı izləyəcəm. Amma heç bir komandaya azarkeşlik etməyəcəm. Artıq, çempionatın favoritləri bəllidir. Bunlar Almaniya, Fransa, İspaniya və İtaliyadır. Yəqin ki, həmin millilərdən biri qalib olacaq".

Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev çempionata baxacağını və Türkiyə millisinə azarkeşlik edəcəyini vurğulayıb: "Futbola marağım böyükdür, özüm də vaxtilə futbol oynamışam. Təbii ki, bu gün başlayacaq Avropa çempionatına da baxacam. Yəqin ki, qalib favorit komandalardan biri olar".

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu futbolla ciddi maraqlanmadığını qeyd edib: "Belə oyunlara xüsusi vaxt ayırıb baxmıram. Sadəcə, ola bilər, təsadüfən baxım. Baxdığım bütün oyunlarda Azərbaycan varsa, Azərbaycana, Türkiyə varsa, Türkiyəyə azarkeşlik edirəm. Bu ölkələrin komandaları yoxdursa, orada hər hansı türkdilli xalqların komandası varsa, ona azarkeşlik edirəm. Yəni, məsələyə peşəkar izləyici kimi deyil, milli-dini dəyərlərdən yanaşıram".

Azərbaycan Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev də Türkiyə yığma komandasına azarkeşlik edəcəyini bildirib.

Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədri Qubad İbadoğlu Avropa çempionatının açılışına baxa bilməyəcəyini söyləyib: "Baxa bilməyəcəyəm. Çünki xüsusi olaraq izləmirəm. Çalışacam, final oyununa baxım. Biz Türkiyəyə azarkeşlik edirik".

Respublikaçı Alternativ (REAL) Hərəkatının icraçı katibi Natiq Cəfərli Avropa çempionatını izləyəcəyini qeyd edib: "Çempionatın oyunlarına baxacam. Kiçik yaşlarımdan başlayaraq, elə bir dünya və ya Avropa çempionatı olmayıb ki, izləməyim. Bu çempionatı da çox böyük maraqla gözləyirəm. Azarkeşlik etdiyim komanda, təbii ki, Türkiyədir. Türkiyə komandasının çempionatda uğurlu çıxış etməsini gözləyirəm. Amma düşünürəm ki, bu çempionatda çempion sürpriz bir komanda ola bilər. Məsələn, ola bilər ki, Belçika Avropa çempionu olsun".

Son xəbərlər

Orphus sistemi