Bu gün Azərbaycan Premyer Liqasında VI turun son iki oyunu keçiriləcək.
"Report"un məlumatına görə, günün ilk matçında "Neftçi" "Bakcell Arena"da "Sabah"ı qəbul edəcək.
5 oyundan 7 xal toplayan "ağ-qaralar" turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb. Masazır təmsilçisi isə 6 xalla 6-cı sıradadır. İndiyədək ölkə çempionatında rəqibi ilə 7 dəfə üz-üzə gələn flaqman məğlub olmayıb. 6 görüşdə qalib gələn "Neftçi" yalnız 1 matçda heç-heçə edib. Topların nisbəti də meydan sahiblərinin xeyirinədir - 16:2. Əvvəlki oyunlarda ən azı 2 qol vurulub. “Neftçi” heç bir qarşılaşmada meydanı qolsuz və xalsız tərk etməyib.
Tura Sumqayıtda yekun vurulacaq. 8 xalla 3-cü pillədə yer alan şəhərin eyniadlı komandası evdə lider "Zirə" (10 xal) ilə münasibətlərinə aydınlıq gətirəcək. Bunadək çempionatda 19 dəfə qarşılaşan komandaların duelində meydan sahibləri 5, qonaqlar isə 10 qələbə qazanıblar. 4 matçda isə qalib müəyyənləşməyib. "Qartallar"ın vurduğu 26 qola "gənclik şəhəri" təmsilçisi 17 topla cavab verib. "Zirə" ardıcıl 6 oyunda meydanı qolsuz tərk etməyib. "Sumqayıt"ın son 6 ev görüşündə heç-heçə qeydə alınmayıb.
Azərbaycan Premyer Liqası
VI tur
14:00. "Neftçi" - "Sabah"
Hakimlər: Əliyar Ağayev, Namiq Hüseynov, Rahil Ramazanov, Vüqar Həsənli
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Seymur Səlimli
"Bakcell Arena"
16:00. "Sumqayıt" - "Zirə"
Hakimlər: Rəhim Həsənov, Cəmil Quliyev, Vüqar Bayramov, Rauf Allahverdiyev
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Maşallah Əhmədov
"Kapital Bank Arena"
Qeyd edək ki, dünən baş tutan oyunlarda "Səbail" evdə "Keşlə" ilə heç-heçəyə razılaşıb - 1:1. "Qarabağ" isə "Qəbələ"ni 3:0 hesabı ilə məğlub edib.