Paytaxt klubu Azərbaycan Premyer Liqasından imtina etdi - SİYAHI

Paytaxt klubu Azərbaycan Premyer Liqasından imtina etdi - SİYAHI 2021/2022 mövsümündə Azərbaycan Premyer Liqasında və avrokuboklarda iştirak üçün müraciət edən bütün komandaların adlarına aydınlıq gəlib
Futbol
522
11 Mart , 2021 14:03
Paytaxt klubu Azərbaycan Premyer Liqasından imtina etdi - SİYAHI
Sərxan Hacıyev

2021/2022 mövsümündə Azərbaycan Premyer Liqasında və avrokuboklarda iştirak üçün müraciət edən bütün komandaların adlarına aydınlıq gəlib.

Bu barədə "Report"a AFFA Lisenziyalaşdırma qrupunun rəhbəri Sərxan Hacıyev məlumat verib.

Onun sözlərinə görə, Premyer Liqadakı 8 klubun hamısı UEFA-dan lisenziyanın əldə olunması üçün müraciət ünvanlayıblar. Hacıyev I Diviziondan isə 4 klubun əsas liqada oynamaq istəyi ilə sənədlərini təqdim etdiyini diqqətə çatdırıb: "Hazırda bu sənədlərlə tanışlıq və müxtəlif meyarlar üzrə yoxlanılma prosesi gedir. Premyer Liqadakı bütün klublar avrokuboklarda oynamaq istədiklərindən, avtomatik olaraq, gələn mövsüm də Premyer Liqada iştirak üçün müraciət etmiş sayılırlar".

Hacıyev I Diviziondakı hər 3 bölgə təmsilçisi - "Kəpəz", "Zaqatala" və "Turan Tovuz"un Premyer Liqada iştirak üçün müraciət etdiyini söyləyib. O, paytaxt komandaları "Qaradağ Lökbatan" və MOİK-dən hansının elitada oynamaq istədiyini açıqlamayıb: "Hazırda bütün klubların sənədlərinin yoxlanılma mərhələsidir. Müraciət etmələri o anlama gəlmir ki, sənədlərində problem yoxdur. Sənədləri təqdim etmək UEFA və Premyer Liqa lisenziyalarını rahatca almaq demək deyil. Bilmək olmaz ki, sənədlərində problem olacaq, ya yox".

Hacıyev lisenziya istəyən klubların müraciət vaxtının artıq yekunlaşdığını bildirib. Onun sözlərinə görə, müraciət edənlər digər lazımi sənədləri aprelin 10-dək təqdim etməlidirlər: "Onlar sənədlərini müxtəlif vaxtlarda göndərir, biz isə sənədləri yoxlayır, müəyyən düzəlişlər edir, klublara geri qaytarırıq ki, onlar çatışmazlıqları aradan qaldırsınlar. Bu prosedurun bitəcəyi aprelin 10-dan sonra sənədlər daha diqqətlə yoxlanılmağa başlanılacaq. Mayın ortalarınadək isə bütün sənədlərə Lisenziyalaşdırma Komissiyasının iclasında baxılacaq və müvafiq qərar veriləcək. Ötən il bu Komissiyanın iclası koronavirus pandemiyası səbəbindən iyunun 18-də keçirilib. Toplantı ilk dəfə idi ki, belə gec baş tutmuşdu. Bu il problem yaşanmasa, iclasın mayın ortalarınadək gerçəkləşməsi nəzərdə tutulub".

Lisenziyalaşdırma qrupunun rəhbəri həmçinin bildirib ki, bəzən Premyer Liqa üçün müraciət ünvanlamış klubun daha sonra sənədi təqdim etmədiyi hallara da rast gəlinib: "Öz təcrübəmizdə müxtəlif illərdə bir neçə dəfə belə hallar yaşanıb. Hansısa klub əvvəlcədən müraciət edib, lakin sonradan heç bir sənəd təqdim olunmayıb".

"Report"un araşdırması nəticəsində məlum olub ki, Premyer Liqada iştirak üçün müraciət edən digər klub "Qaradağ Lökbətan"dır. Beləliklə, I Divizion təmsilçilərindən yalnız MOİK əsas liqada mübarizə aparmaq istəməyib.

"Qaradağ Lökbatan" klubunun icraçı direktoru Bəbir Həsənov "Report"a açıqlamasında bildirib ki, Lisenziyalaşdırma Qrupuna müraciət etsələr də, hüquqi meyarlara görə problem yaşayırlar: "Düşünmürəm ki, sənədlərimizin hamısı yerli-yerindədir. Aprelin 10-dək hüquqi meyarla bağlı çatışmazlığın aradan qalxacağı real deyil. Problemimiz hüquqi meyarla bağlıdır, bəlkə də həll edilə bilər".

Qeyd edək ki, AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov 2021/2022 mövsümündə Premyer Liqada 10 komandanın oynamasını ideal saydığını bildirib.

Son xəbərlər

Orphus sistemi