Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında VIII tura start veriləcək.
"Report"un məlumatına görə, ölkə çempionatında 2-ci dövrənin açılış matçı Qəbələdə olacaq. 5 xalla sonuncu pillədə qərarlaşan yerli komanda 4 oyundur uduzan "Sabah"ı qəbul edəcək. 7 turdan sonra 6 xalı olan Masazır təmsilçisi 6-cı sırada yer alıb.
İndiyədək çempionatda 8 dəfə üz-üzə gələn komandaların duelinda meydan sahibləri 3, qonaqlar 4 qələbə qazanıblar. 1 görüşdə isə qalib müəyyənləşməyib. Topların nisbəti də Bakı klubunun xeyirinədir - 10:7. "Sabah" son üç oyunda qələbə qazanıb. Bu üç qarşılaşmada 3 və ya daha çox qol vurulub.
Günün son oyununda "Zirə" "Səbail"i qonaq edəcək. Keçirdiyi 7 oyundan 11 xal toplayan "qartallar" 3-cü pillənin sahibidir. Bir oyun az keçirmiş "dənizçilər"in aktivində isə 5 xal var. 7-ci sırada gedən komanda özü ilə eyni xala sahib "Qəbələ"ni yalnız top fərqinə görə üstələyir.
"Zirə" və "Səbail" komandaları bunadək Premyer Liqada 12 dəfə üz-üzə gəliblər. Bu matçların 7-də Rəşad Sadıqovun rəhbərlik etdiyi komanda, 3-də isə Aftandil Hacıyevin baş məşqçi olduğu kollektiv sevinib. 2 oyun isə heç-heçə ilə başa çatıb. Meydan sahiblərinin 17 qoluna qonaqlar 8 topla cavab veriblər. “Zirə” son üç görüşdə qalib gəlib. “Səbail” isə son 5 matçda meydanı qolsuz tərk etməyib.
31 oktyabr (şənbə)
Azərbaycan Premyer Liqası
VIII tur
14:00. “Qəbələ” – “Sabah”
Hakimlər: Vüqar Həsənli, Cəmil Quliyev, Kamran Bayramov, Rəvan Həmzəzadə
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Qəbələ şəhər stadionu.
16:00. “Zirə” –“ Səbail”
Hakimlər: Orxan Məmmədov, Qəzənfər Məmmədov, Vüqar Bayramov, Rəhim Həsənov
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Asif Əliyev
Zirə İdman Kompleksinin stadionu.
Qeyd edək ki, Azərbaycan Premyer Liqasında VIII tura noyabrın 1-də keçiriləcək "Sumqayıt" - "Neftçi" və "Qarabağ" - "Keşlə" oyunları ilə yekun vurulacaq.