Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXIII tura start veriləcək.
"Report"un məlumatına görə, ilk oyun günündə 2 qarşılaşma keçiriləcək.
Açılış matçında 46 xalla turnir cədvəlinə başçılıq edən "Qarabağ" 20 xalla 6-cı pillədə yer alan "Səbail"in qonağı olacaq. Komandalar indiyədək çempionatda 14 dəfə üz-üzə gəliblər. Bunların 12-də qonaqlar, birində meydan sahibləri 3 xal qazanıb. Bir görüşdə isə heç-heçə qeydə alınıb. Topların fərqi də Ağdam təmsilçisinin xeyrinədir - 25:2. Texniki nəticə nəzərə alınmasa, “Səbail” rəqibinə qalib gəlməyib. “Qarabağ” bütün oyunlarda qol vurub.
Günün son matçı Sumqayıtda olacaq. 29 xalla 4-cü sırada qərarlaşan şəhərin eyniadlı təmsilçisi özündən 5 xal az toplayan və bir pillə aşağıda yer alan "Qəbələ" ilə münasibətlərinə aydınlıq gətirəcək.
Əvvəlki 34 görüşün 20-də əyalət klubu, 4-də isə "gənclik şəhəri" təmsilçisi qələbə qazanıb. Digər 10 matç isə heç-heçə yekunlaşıb. Topların fərqində qonaqların 56:25 nisbətində üstünlüyü var. “Qəbələ” son 5 görüşdə meydanı qolsuz və xalsız tərk etməyib. “Sumqayıt” son 6 ev matçında yalnız bir dəfə qalib gəlib.
Azərbaycan Premyer Liqası
XXIII tur
16 aprel (cümə)
18:00. “Səbail” – “Qarabağ”
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Zeynal Zeynalov, Rövşən Rəcəbov
Hakim-inspektor: Rövşən Əhmədov
AFFA nümayəndəsi: Eldəniz Musayev
“ASCO Arena”.
20:15. “Sumqayıt” –“Qəbələ”
Hakimlər: Vüqar Həsənli, Cavanşir Yusifov, Nahid Əliyev, Kamranbəy Rəhimov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Ramiz Mustafayev
“Kapital Bank Arena”.
Qeyd edək ki, tura aprelin 17-də oynanılacaq "Neftçi" - "Zirə" və "Keşlə" - "Sabah" matçları ilə yekun vurulacaq.