Rövşən Hüseynli: Azərbaycan futzalının yükü təkcə “Araz-Naxçıvan”ın çiyinlərində olmalı deyildi - MÜSAHİBƏ

Rövşən Hüseynli: Azərbaycan futzalının yükü təkcə “Araz-Naxçıvan”ın çiyinlərində olmalı deyildi - MÜSAHİBƏ Azərbaycanın futzal millisinin və Qazaxıstanın “Astana” klubunun qapıçısı Rövşən Hüseynli “Report”a müsahibə verib. Təcrübəli qolkiper milli ilə Çexiyadakı toplanışa viza ala bilməməsi, həmçinin çıxış etdiyi klubda hazırkı durumdan da danışıb. O, Azərbayc
Futbol
13 Sentyabr , 2024 15:43
Rövşən Hüseynli: Azərbaycan futzalının yükü təkcə “Araz-Naxçıvan”ın çiyinlərində olmalı deyildi - MÜSAHİBƏ
Rövşən Hüseynli

Azərbaycanın futzal millisinin və Qazaxıstanın “Astana” klubunun qapıçısı Rövşən Hüseynli “Report”a müsahibə verib. Təcrübəli qolkiper milli ilə Çexiyadakı toplanışa viza ala bilməməsi, həmçinin çıxış etdiyi klubda hazırkı durumdan da danışıb. O, Azərbaycan və Qazaxıstan futzalını da müqayisə edib.

- Necə oldu ki, Çexiyaya viza ala bilmədiniz?

- Sənəd işləri ilə mən məşğul olmadığıma görə bu barədə dəqiq məlumatım yoxdur. Bildiyim qədər sənədlərimlə bağlı məyyən şeylər qaydasındadır. Sadəcə, son ana qədər çalışıldı, lakin vaxt azlığı bizə çətinlik yaratdı. Sonda viza məsələsinin alınmadığı və milliyə Çexiya toplanışında kömək etməyəcəyim bildirildi. İnşallah, növbəti toplanışlar zamanı problem yaranmaz və yığma üçün əlimdən gələni edərəm.

- Viza ilə bağlı problem əhval-ruhiyyənizə necə təsir edib? Həvəsdən düşməmisiniz ki?

- Xeyr, həvəsdən düşəcək yaşda deyiləm. Millidən söhbət gedirsə, ümumiyyətlə, bu barədə danışmağa dəyməz. Hər zaman yığma üçün hazırıq. Hansı klubda oynamağımıza baxmayaraq hazırlığımz həm də milli üçündür. Bu, belə də davam edəcək. Əksinə, heyətə baxanda öz üzərimdə böyük məsuliyyət hiss edirəm.

- Formasını geyindiyiniz “Astana” klubunda hazırkı durum necədir, komandanın qarşısına hansı məqsədlər qoyulub? Həmçinin şəxsi hədəfləriniz nədir?

- Hələ ki, yeni mövsümə hazırlaşırıq. Komandanın qarşısına qoyulan əsas məqsəd pley-offa yüksəlməkdir. Sonra müəyyən planlar, nəticələr olacaq. Qazaxıstanda çempionat hələ başlamayıb. Qarşıdan futzal üzrə dünya çempionatı gəlir. Əksər ölkələrdə daxili çempionat mundialdan sonra başlayacaq. Bu da oktyabrın ortalarına təsadüf edəcək. Şəxsi hədəflərimə gəlincə, bildiyiniz kimi, Qazaxıstanda keçirdiyim debüt mövsümünün yekununda çempionatın ən yaxşı qapıçısı kimi yekun “5-lik”də yer aldım. İlkinci mövsümdə Qazaxıstan rekordunu qırdım, sonradan isə bunu yenilədim. Bu il əsas məqsədim medal qazanmaqdır. Ardıcıl iki mövsümdə son anda medal qazana bilməmişəm.

- Qazaxıstan futzalında hazırda vəziyyət necədir? “Astana” çempionluğa oynaya bilərmi?

- Qazaxıstanda futzalın inkişafı göz önündədir. Bu o deməkdir ki, klublar da inkişaf edir. Millinin baş məşqçisinin sərəncamında xeyli oyunçu var, seçimi çoxdur. Bu da yığmada rəqabətin artması deməkdir. Hamısı sistematik şəkildədir. Klublarda da vəziyyət yaxşıdır. Ötən il Qazaxıstan çempionatında 11 komanda çıxış edirdi. Bu il 12 olmalı idi. Amma 12-ci klub çempionatda iştirakdan son anda imtina etdi. Digər klublardan bəziləri dövlət tərəfindən maliyyələşir, müəyyən hissəsinin sponsoru var. “Astana”nın hədəflərinə gəlincə, son ildəki nəticələrə baxsaq, əlbəttə, kağız üzərində “Kayrat”ın çempionluq şansı daha çox görünür. “Semey” yarananda heç kim komandanın 20 ildən sonra Qazaxıstan çempionu olacağını düşünmürdü. Amma bunu bacardılar.

- Şəxsi hədəflərinizə çatmaq şansınız necədir?

- “Atırau” klubuna gedəndə qarşıma məqsədlər qoymuşdum. Orada çıxış etdiyim birinci ildə komanda yalnız yerli futzalçılardan təşkil olunmuşdu. Yeganə legioner mən idim. Sonradan daha bir əcnəbi dəvət etdilər. Yekunda şəxsi nailiyyət əldə etməyi bacardım. Nələr olacağını zaman göstərəcək.

- Həm milli, həm də klub səviyyəsində Qazaxıstan və Azərbaycan futzalını müqayisə edə bilərsiniz?

- Bunu deməliyəm ki, hazırda Qazaxıstan futzalı həm yığma, həm də klub səviyyəsində Azərbaycandan aşkar üstündür. Millinin son illərdəki nəticələri və oyunları da bunu göstərir. Dünya çempionatında favorit kimi iştirak edəcəklər. Çempion olmaq üçün ciddi hazırlıq keçiblər. O cümlədən klubların çempionatdakı sayı və beynəlxalq oyunlarda göstərdikləri nəticə də inkişafdan xəbər verir. Azərbaycanın yüksək liqasında 6, Qazaxıstanda isə 11 klub var. Bununla yanaşı, 11 komandanın hamısı bir-biri ilə rəqabət aparır. Həmçinin legionerlərin adlarına, oyunlarına fikir versək, onların üstün olduğunu detallı şəkildə görərik. Birvaxtlar Azərbaycan futzalı Qazaxıstandan çox üstün idi. Xüsusən də millinin bazası olan “Araz-Naxçıvan” bu yükü hər zaman öz çiyinlərində daşıdı. Düşünürəm ki, bu gün Azərbaycan futzalında daha çox klublar yaranmalı, sponsorlar olmalıdır. Rəqabət yaranmalıdır ki, hər zaman yığma üçün oyunçular qazanaq. Bunların hər biri sistemli şəkildə olmalıdır.

- Qeyd etdiniz ki, birvaxtlar Azərbaycan futzalı daha üstün idi. Bəs bizi geri salan nə oldu?

- Yuxarıda dediklərim həm də bu sualın cavabıdır. “Araz-Naxçıvan” həmişə Azərbaycan futzalını üst səviyyədə təmsil edib. Millinin bazası kimi də güclü heyət formalaşdırılmışdı, maliyyə ayrılmışdı və böyük nəticələr qazanılmışdı. Lakin Azərbaycan futzalının yükü təkcə “Araz-Naxçıvan”ın çiyinlərində olmalı deyildi. Digər klublar da rəqabətə qoşulmalı idi. Oyunçular robot deyil. Zədəsi, yaşlısı, karyerasını bitirəni var. Gedənlərin yerinə heç kim gəlmədi. Nəticədə Azərbaycan futzalı, klublar zəiflədi və sonda bu yerlərə gəlib çatdı. Şəxsi fikrimdir, “Araz-Naxçıvan” rəqabətdə tək olmalı deyildi.

- Vitali Borisovun baş məşqçi postuna gəlişindən sonra bugünkü yığmanın durumunu necə qiymətləndirirsiniz?

- Bu gün milli çox çətin durumdadır. Heyət demək olar tamamilə yenilənib. Əvvəlki komandadan mən və Emin Kürdov qalmışıq. Bundan əlavə, yığmaya dəvət olunanların əksəriyyəti gəncdir, 18, 19, 20 yaşları var. Daha yaşlı olanların əksəriyyətinin beynəlxalq oyun praktikası azdır. Gənclərin isə beynəlxalq oyunla yanaşı, ümumiyyətlə, futzal təcrübəsi azdır. Taktiki, mövqe baxımdan çatışmazlıq görünür. Vitali Borisov üçün ikiqat çətindir. Düzdür, baş məşqçi kimi “Neftçi” və “Marafon” klublarında çalışıb. Amma beynəlxalq arenada onun da ilk addımlarıdır. Üstəlik, bu addımları millinin yenilənmiş, gənc heyəti ilə birlikdə atır. Çətin situasiyadadır. Ona görə də yaxşı olacağına ümid edirik və bunun üçün çalışırıq. Əlbəttə, nəticə əldə etmək mümkündür. Bunun üçün zaman, həmçinin dayanmadan, düzgün yolla məşq edib hazırlaşmaq lazımdır.

- Son olaraq millinin qarşıdan gələn Avropa çempionatının qrup mərhələsində İsveç, Xorvatiya və Yunanıstana qarşı keçiriləcək oyunlarda şanslarını dəyərləndirərdiniz. Nəyə ümid edə bilərik?

- İndi bu suala cavab vermək həm çox çətindir, həm də tezdir. Bu gün kağız üzərində son nəticələrə baxıb nəsə deyə bilərik. Belə olan halda Xorvatiya yığması favorit görünür. Hələ komandaların tam heyəti, oyun üslubu bəlli deyil. İsveç və Yunanıstanla yanaşı, Azərbaycan millisinin də növbəti mərhələyə yüksəlmək şansı var. Bunun üçün daha çox çalışmalıyıq. Ölkə çempionatı başlamayıb, futzalçıların hansı durumda olduğu bilinmir. Çempionatda bəlkə tam fərqli heyət olacaq. Hamısını gələcək göstərəcək. Bizim üzərimizə düşən klublarımızda ən yaxşı formada hazırlaşıb milliyə qoşulmaqdır.

Son xəbərlər

Orphus sistemi