"Matçın bizim üçün yaxşı keçdiyini düşünürəm. Aqressiv oynadıq. Sadəcə, rəqib yaratdığı qol epizodlarından yaralana bildi. Bizdə isə son toxunuşlar çatmadı. Əvvəlki qarşılaşmalarla müqayisədə xeyli qol fürsətlərimiz oldu, yaxşı çıxış etdik. İnanıram ki, gələcək matçlarda hər şey daha yaxşı olacaq".
Bu fikirləri "Report"a açıqlamasında 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin üzvü İsmayıl Zülfüqarlı Bakıda Norveçə 1:2 hesabı ilə uduzduqları Avropa çempionatının seçmə oyunu barədə danışarkən deyib.
Komandasının yeganə qoluna imza atan 20 yaşlı yarımmüdafiəçi bildirib ki, yığmada fərqlənmək tam fərqli hissdir: "Meydana daxil olduqdan sonra komandama güc qatmağı çox istəyirdim. Əlimdən gələni etdim və qol vurdum. Buna görə çox sevinirəm. Qələbə qazanmağımızı istərdim, təəssüf ki, alınmadı".
Azərbaycanın U-21 yığması 6 oyundan sonra 1 xalla qrupda 5-cidir. Zülfüqarlının sözlərinə görə, nəticələrin uğursuz olması baş məşqçi Milan Obradoviçlə bağlı deyil: "Məşqçilərdə heç bir problem yoxdur. Onlar bizim yaxşı futbol sərgiləməyimiz üçün əllərindən gələni edirlər. Düşünürəm ki, nəticə meydana çıxan futbolçulardan asılıdır. Həmçinin yığma üzvləri çempionatda yetərincə oynamaq şansı qazanmır. Fikrimcə, buna görə rəqiblərimizdən geri qalırıq. Digər tərəfdən, daha aqressiv oynasaydıq, xallarımız 1-dən çox olardı".
Gənc oyunçu "Sizcə, yığmanın baş məşqçisi yerli olmalıdır, yoxsa əcnəbi?" sualına bu cür cavab verib: "Açığı, bu barədə konkret fikir bildirmək çətindir. Mənim üçün baş məşqçinin yerli və ya əcnəbi olmasının fərqi yoxdur. Əsas odur, futbolu bilən olsun".
"Neftçi"də çıxış edən futbolçu Azərbaycan millisinin digər kollektivlərdən geri qalmasının səbəbini də açıqlayıb: "Digər ölkələrin futbolçuları Avropanın səviyyəli klublarında çıxış edirlər. Bizdə isə cəmi 3-4 belə oyunçu var. Çalışıb ölkə xaricinə çıxmaq lazımdır. Gəncləri gələcək üçün hazırlamaq daha yaxşı olar. Çünki son illərdə Avropanın əsas yığmalarında yaşı az olan futbolçular oynayır və özlərini yaxşı tərəfdən göstərirlər. Biz də ölkə xaricinə yollanıb inkişaf etməliyik".
Flaqmanın heyətində 5-li müdafiənin sağında çıxış edən Zülfüqarlı yığmada isə yarımmüdafiəçi mövqeyində oynayır. Futbolçu bu amilin oyununa mənfi təsir etmədiyini vurğulayıb: "Bu, mənə heç bir çətinlik yaratmır. Hər iki mövqedə rahat oynaya bilirəm".