Azərbaycan millisinin futbolçusu: "Böyük-böyük danışmaq istəmirəm"

Azərbaycan millisinin futbolçusu: "Böyük-böyük danışmaq istəmirəm" Yoldaşlıq görüşü daha çox hazırlıq xarakterli idi. Bu matçdan sonra hansısa nəticəyə gəlmək olmaz. Sadəcə bizə oyun lazım idi ki, kollektiv bir-birini hiss etsin. Əslində böyük bir məşq idi. Ümumi yanaşsaq, pis alınmadı. Yaxşı məqamlar oldu.
Futbol
145
2 İyun , 2019 15:59
Azərbaycan millisinin futbolçusu: Böyük-böyük danışmaq istəmirəm

"Yoldaşlıq görüşü daha çox hazırlıq xarakterli idi. Bu matçdan sonra hansısa nəticəyə gəlmək olmaz. Sadəcə bizə oyun lazım idi ki, kollektiv bir-birini hiss etsin. Əslində böyük bir məşq idi. Ümumi yanaşsaq, pis alınmadı. Yaxşı məqamlar oldu".

Bu fikirləri "Report"a açıqlamasında Azərbaycan millisinin futbolçusu Şəhriyar Rəhimov U-21 yığmasını 3:0 hesabı ilə məğlub etdikləri yoxlama oyunu barədə danışarkən deyib.

30 yaşlı müdafiəçi AVRO-2020-nin seçmə mərhələsində qarşılaşacaqları Macarıstan və Slovakiya ilə oyun barədə də danışıb. Rəhimov millini qarşıda çox ciddi rəqiblərin gözlədiyini söyləyib: "Bunlar Avropanın orta səviyyəli yığmaları hesab olunsa da, ciddi və güclü komandalardır. Macarıstan komandası evdə Xorvatiya yığması kimi kollektivi məğlub etməyi bacarıb. Bu isə onların gücündən xəbər verir. Qarşıda iki ağır oyunumuz var".

Oyunçu millinin hər iki qarşılaşmadakı şanslarından da söz açıb: "Böyük-böyük danışmaq istəmirəm. Böyük vədlər də verə bilmirəm. Futbolçular, media və hər bir azərbaycanlı istəyir ki, komanda uğurlu çıxış etsin. Biz də istəyirik ki, doğma meydanda rəqiblərə gücümüzü göstərək və azarkeşləri sevindirək. Bu görüşlərin birində qələbə qazansaq, çox əla olar. İki oyunda qələbə qazanmaq isə fantastik olardı. Bir az real yanaşmaq lazımdır ki, bu komandalar reytinqdə və futbolçu seçimində bizdən üstündürlər. Məşqçinin verdiyi tapşırıqları yerinə yetirə bilsək, azərkeşləri və özümüzü sevindirə bilərik. Ümid edirik ki, evdə ən azı bir oyunda qələbə qazanacağıq".

Müdafiəçi bu iki matçda hər bir nəticənin qeydə alına biləcəyini söyləyib: "İki oyuna 4, 0 və 2 xal da qazana bilərik. Bizim işimiz meydanda mübarizə aparmaqdır. Çalışacağıq, var gücümüzü qoyaq ki, ölkəni layiqincə təmsil edək və bacardığımız qədər xal toplayaq".

Rəhimov deyib ki, baş məşqçi ona şans versə, əlindən gələni etməyə hazırdır: "Kimin meydanda olacağını danışmaq yaxşı olmaz. Əsas odur ki, milli uğurlu çıxış etsin. Çünki bu, mənim və kiminsə komandası deyib. Yığma hamınındır. Mən də hamı kimi oynasam, əlimdən gələni etməyə çalışacağam.

"Səbail"də çıxış edən futbolçu yığmanın növbəti iki oyunda məğlub olacağı təqdirdə işinin çətin olacağını vurğulayıb: "Demək olar ki, ondan sonra AVRO-2020 mümkünsüz olacaq. Bunları nəzərə alıb, gələcəyə ümidlə baxmaq istəyiriksə, yaxşı nəticə qazanmalıyıq. Real danışmaq lazımdır. Biz Azərbaycan millisiyik, İspaniya deyilik. Reallığı da qəbul eləmək lazımdır. Bəzi məqamlar var ki, onların hesabına bu komandalara qarşı evdə sürpriz etmək olar".

Qeyd edək ki, Azərbaycan millisi iyunun 8-də Macarıstan, iyunun 11-də Slovakiya yığması ilə qarşılaşacaq. Hər iki görüş "Bakcell Arena"da keçiriləcək.

Son xəbərlər

Orphus sistemi