Bu gün futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinin son 2 cavab oyunu keçiriləcək.
"Report"un məlumatına görə, əvvəlcə "Sumqayıt" və "Neftçi" komandaları "Kapital Bank Arena"da üz-üzə gələcək.
Bu, iki komandanın kubokda dördüncü qarşılaşması olacaq. Ötən mövsüm flaqman evdəki ilk görüşündə 0:2 hesabı ilə uduzmuşdusa, bu dəfə minimal fərqlə yenilib - 0:1. Yenə mübarizəni dayandırmamasından ötrü "ağ-qaralar" cavab qarşılaşmasında ən azı 2 qol vuraraq qələbə qazanmalıdır.
İki komanda arasındakı görüşlərdə hər iki komanda səfərdə qalib gəlib, evdə oynayan tərəf isə qol vurmayıb. "Sumqayıt" 2, "Neftçi" 1 qələbə qazanıb. Topların nisbətində "gənclik şəhəri" təmsilçisi öndədir - 3:1.
Son qarşılaşmada isə "Keşlə" "ASCO Arena"da "Qarabağ"la görüşəcək. Bu, iki komanda arasında 11-ci oyun olacaq. Əvvəlki matçların 6-da Ağdam, 2-də paytaxt komandası qələbə qazanıb. Topların nisbətində əyalət təmsilçisi ikiqat öndədir - 12:6. Noyabrın 16-da keçirilmiş ilk matçda "Qarabağ" minimal hesabla qalib gəlib - 1:0. Keşlə" cavab oyununda azı 2 top fərqi ilə qələbə qazanmalıdır ki, yarımfinala adlaya blsin.
Qeyd edək ki, əvvəlki iki 1/4 final görüşlərindən "Zirə" və "Qəbələ" komandaları qalib ayrılıblar. İlk yarımfinalda bu klublar üz-üzə gələcəklər. Digər yarımfinal cütünün tərkibi isə bu gün mərhələ adlayan komandalardan ibarət olacaq.
Azərbaycan Kuboku
1/4 final, cavab görüşləri
20 dekabr (cümə)
17:00. “Sumqayıt” – “Neftçi”
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Vüqar Bayramov, Rəşad Əhmədov
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Mübariz Hüseynov
“Kapital Bank Arena”
20:00. “Keşlə” – “Qarabağ”
Hakimlər: Rauf Cabarov, Elşad Abdullayev, Müslüm Əliyev, Orxan Məmmədov
Hakim-inspektor: Şahin Cəfərov
AFFA nümayəndəsi: Elgiz Abbasov
“ASCO Arena”.