Azərbaycan Futzal Federasiyasının prezidenti Zaur Axundov millinin sabiq kapitanı Rizvan Fərzəliyevin ona laqeyd münasibət göstərilməsi ilə bağlı açıqlamasına münasibət bildirib.
Qurum rəsmisi bu barədə "Report"a danışıb.
O, 45 yaşlı sabiq oyunçunun xidmətlərinə görə yüksək məbləğdə maaş və bonuslar aldığını qabardıb:
“Rizvan Fərzəliyevin açıqlamasına mübasibət bildirmək istəmirdim, amma bu hal ikinci dəfə yaşandığına görə bunu lazım bildim. Hər bir peşə sahibinin öz öhdəliyi, vəzifə borcu var və buna görə də maaş alır. İdmanda da belədir. Rizvanı “Araz-Naxçıvan” komandasına vaxtilə mən dəvət etmişəm. Elə məsələlər var ki, bu, klubla futzalçı arasında olduğuna görə açıqlamağı lazım bilmirəm. Millinin və “Araz-Naxçıvan”ın keçmiş baş məşqçisi Joze Alesio Da Silva ilə bağlı narazılığını dilə gətirib. Halbuki Rizvanın həm millinin, həm də “Araz-Naxçıvan”ın aparıcı üzvü olmasına birbaşa səbəbkar məhz Alesiodur. Onun rəhbərliyi altında, eləcə də “milliləşdirilmiş” braziliyalı futzalçıların əhatəsində istər Rizvan, istərsə də digər yerli oyunçular inkişaf etdilər, peşəkarlıqlarını artırdılar, xidmətlərinə görə yüksək məbləğdə maaş və bonuslar aldılar. Bu gün tənqid etdiyimiz həmin braziliyalılar Rizvan və digər yerli oyunçuların inkişafına da təkan verdilər. Bəli, qazanılan nəticələrdə həmin vaxt meydanda olan istər yerli, istərsə də “milliləşdirilmiş” futzalçıların xidməti böyükdür, danılmazdır. Bunu yaddan çıxarmaq olmaz. Rizvan nəyin halallığını vermir, anlaya bilmirəm. Yenə deyirəm, zamanında ən yüksək maaş və bonuslar alıb. Biz ona halallıq veririk, xidmətlərinə görə təşəkkür edirik. Heç kim Fərzəliyevin fəaliyyətini danmır”.
O, vaxtilə R.Fərzəliyevə U-19-un baş məşqçisi olmağı təklif etdiklərini söyləyib:
“2022-ci ildə Niderlandda keçirilən Avropa çempionatının final mərhələsindən sonra Rizvan futzalçı kimi milli karyerasını başa vurduğunu bildirdi. Bunu nəzərə alıb federasiya rəhbəri kimi ona 19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisinin baş məşqçisi olmağı təklif etdim. Bu komanda da mütəmadi olaraq Avropa çempionatının seçmə mərhələsinin oyunlarında iştirak edir. Həmin vaxt Rizvan bu təklifdən imtina etdi. Səbəbini bilmədim, özü də açıqlamadı. İndi minifutbolda məşqçi kimi çalışır. Ona uğurlar arzulayıram. İnsan keçmişini yaddan çıxarmaz və heç kimdən də inciməz. İnciyən əvvəlcə öz əməllərini təhlil etməlidir. Rizvan hörmət etdiyim futzalçılardandır, sözü varsa, federasiyanın qapısı üzünə açıqdır, gəlsin. Necə ki, illərdir şəxsi və komanda ilə bağlı sözü, problemi olanda gəlib dərdini mənimlə bölüşürdü, yenə də elə edə bilər”.
Z.Axundov veteran futzalçıları hər zaman diqqətdə saxladıqlarını söyləyib:
“Onu Polşa ilə oyuna dəvət etmədiyimiz üçün inciyib. Millinin heyətini baş məşqçi müəyyənləşdirir. Həm də o, karyerasını başa vurmuşdu. Ona millidəki çıxışına görə təşəkkürümüzü çatdırmaq, həmçinin xatirə hədiyyəsi təqdim etmək üçün dünya çempionatının seçmə mərhələsində Yunanıstanla keçirdiyimiz oyuna çağırdıq. Lakin Rizvan gəlmədi. Həmin vaxt dəvət etdiyimiz digər veteran futzalçımız Vitali Borisov gəldi və hədiyyəsini aldı. Veteran futzalçıları hər zaman diqqətdə saxlayırıq. Mümkün olduqca onları işlə təmin edir, problemlərini gücümüz çatan qədər həll etməyə çalışırıq. Bu gün veteran futzalçılardan Vitali Borisov əsas millinin, İlqar Aslanov isə U-19-un baş məşqçisidir. Uzun illər milli komandanın formasını geyinmiş Ağatahir Əzimov isə seleksiyaçı-məşqçi kimi fəaliyyət göstərir”.
Qeyd edək ki, R.Fərzəliyev "Report"a açıqlamasında Futzal Federasiyasının rəhbərliyinin ona laqeyd münasibət göstərməsinə görə incidiyini bildirib.