Mən elə-belə futzalçı olmamışam, 20 ildən artıq yığmanın şərəfini qorumuşam.
Bunu "Report"a açıqlamasında Azərbaycan futzal millisinin sabiq kapitanı Rizvan Fərzəliyev deyib.
O, uzun müddət futzaldan kənarda qalmasından və incik olduğu məqamlardan bəhs edib:
"Doğrusunu bilmək istəyirsinizsə, həm jurnalistlərdən, həm də Futzal Federasiyasından incimişəm. 2022-ci ildə futzalçı keryaramı başa vurmuşam. Amma federasiya rəhbərliyi mənimlə maraqlanmır, jurnalistlər də bu məsələni gündəmdə saxlamırlar. Mən elə-belə futzalçı olmamışam, 20 ildən artıq yığmanın şərəfini qorumuşam. Heç kim demir ki, Rizvan Fərzəliyev haradadır? Bəzilərinə haqqımı halal etmirəm".
Mütəxəssis karyerasını başa vurduqdan sonra vida matçı keçirməməsindən və işlə təmin olunmamasından gileylənib:
"Karyeram başa çatdıqdan sonra dedilər ki, məşqçi kimi səninlə çalışacağıq. Sonra səs çıxmadı. Yığmanın bir neçə görüşü oldu. Çağırıb demədilər ki, gəl, sənə vida matçı keçirək. Uzun illər millinin kapitanı olan biri kimi bunu istəmək haqqımdır. İnsan umduğu yerdən küsər. Polşa ilə beynəlxalq görüşümüz var idi, məni çağırmadılar ki, gəlim, sonuncu dəfə iştirak edim, meydançada görünüm. Özüm gəldim, zalda futzalçılara dəstək oldum. Ardınca Yunanıstanla qarşılaşmada çağırdılar ki, gəl, sonuncu dəfə iştirak et, onda da mən getmədim. Lakin Vitali Borisov getdi və mən ona heç bir irad bildirmirəm. Bu, onun şəxsi qərarıdır".
"Araz-Naxçıvan" klubunun sabiq kapitanı Azərbaycan millisində çalışmaq arzusunu gizlətməyib:
"Normal dəvət gəlsəydi, işləyərdim. Lakin görünən odur ki, mənimlə çalışmaq istəmirlər. Təbii ki, illərini futzala həsr etmiş idmançı kimi bu məni incitməyə bilməz".
45 yaşlı sabiq oyunçu yığmanın AVRO-2026-nın əsas mərhələsində İsveçlə heç-heçə etdiyi ilk görüş (3:3) barədə danışıb:
"Millidə mənimlə çiyin-çiyinə "vuruşan" Vitali Borisovu alqışlamaq istəyirəm. O, yığmanın baş məşçqisi kimi heç-heçə əldə etdi. Vitalini qınamıram, çünki əlində olan oyunçularla artığını tələb etmək anlamsızdır. Futzalçılarımızın haqqını yemək istəmirəm. Təcrübəsiz olsalar da, hər birində döyüşkənlik, istək hiss olunur".
R.Fərzəliyev Azərbaycanda güclü futzalçıların yetişmədiyini qabardıb:
"2009-2014-cü illərdə braziliyalı baş məşqçi Joze Alesio Da Silva çalışdı, ona nə qədər pullar xərcləndi. Braziliyalı legionerlərin də sayəsində milli bir sıra uğurlar qazandı. Bəs sonra? Sonrasını heç kim düşünmədi. Əcnəbilər gedəndən sonra özümüz qaldıq. Güclü futzalçı yetişmədi. Həmin vaxtı ayrılan pullara futzal məktəbi açılsaydı, yeni-yeni oyunçular yetişsəydi, pis olardı? Bu gün Vitali Borisovu atıblar tankın qabağına. Uğursuzluq olanda da düşəcəklər üstünə ki, niyə nəticə qazana bilmədin?"