Azərbaycan futbolunda görünməmiş nəticə qeydə alınıb

Azərbaycan futbolunda görünməmiş nəticə qeydə alınıb Azərbaycan futbolunda görünməmiş nəticə qeydə alınıb.
Futbol
31 Mart , 2023 10:33
Azərbaycan futbolunda görünməmiş nəticə qeydə alınıb

Azərbaycan futbolunda görünməmiş nəticə qeydə alınıb.

“Report” xəbər verir ki, “Araz Naxçıvan” 1992-ci ildən təşkil olunan peşəkar səviyyəli turnirlərdə 5 və ya daha çox qol buraxan, lakin qalib gələn ilk komanda olub.

Bu, I Divizionun XXII turunun “Turan Tovuz-2” ilə səfər oyununda baş verib. Qonaqlar 6:5 hesabı ilə qalib gəliblər. Azərbaycan çempionatının hər iki liqası (Premyer Liqa və I Divizion), kubokunun və Superkubokunun oyunlarında indiyə qədər belə hadisə yaşanmamışdı.

Tovuz şəhər stadionundakı qarşılaşma Azərbaycan futbolu tarixinə hər iki komandanın 5 və ya daha çox qol vurduğu 6-cı görüş kimi düşüb. Bunadək bir dəfə Premyer Liqada (əvvəlki güclülər dəstəsi), dörd dəfə I Divizionda (əvvəlki birinci dəstə) belə qarşılıqlı məhsuldarlıq qeydə alınıb. Həmin oyunların hamısı heç-heçə bitdiyi üçün 5 və ya daha çox qol buraxanların heç biri qalib gəlməyib. Yüksək liqadakı görüş 6:6, digərləri eyni – 5:5 hesabı ilə nəticələnib.

1998/1999. “Viləş” – “Turan” – 6:6

2007/2008. “Abşeron” – “ANŞAD-Petrol” - 5:5

2013/2014. “Karvan” – MOİK - 5:5

2015/2016. “Zaqatala” – “Şərurspor” - 5:5

2018/2019. “Səbail-2” – “Sumqayıt-2” – 5:5

11 qolun vurulduğu matç həm də mövsümün rekordu ilə yadda qalıb. Bunadək ən məhsuldar görüş 2022-ci il sentyabrın 14-də keçirilən “Zaqatala” – “Səbail-2” qarşılaşması idi – 5:4.

“Turan Tovuz-2” – “Araz Naxçıvan” qarşılaşması PFL-in tarixində 3-cü ən məhsuldar oyundur. 2008-ci ildən ölkə çempionatının iki liqasını, kuboku və Superkuboku təşkil edən qurumun bayrağı altında yalnız 2 dəfə daha çox qol vurulub. Hər iki qarşılaşma bu dəfə olduğu kimi, I Divizionda baş tutub. Həmin görüşlərin birində 14, digərində 12 top qeydə alınıb.

2016/2017. “Səbail” – “Bakılı” – 11:3

2015/2016. “Energetik” – “Neftçala” – 0:12

Son xəbərlər

Orphus sistemi