Futbol üzrə İtaliya A Seriyasında XXXVII tura start verilib.
"Report"un məlumatına görə, "Yuventus"un çempionluğu təmin etməsindən sonra əsas diqqətlər ikici yer uğrunda qarşılaşmalara yönəlib. Gecənin ilk görüşündə "Atalanta" səfərdə "Parma"nı məğlub edib - 2:1.
Hesabı meydan sahiblərindən Deyan Kuluşevski 43-cü dəqiqədə açıb. Lakin fasilədən sonra qonaqlar Ruslan Malinovskinin 70-ci, Alexandro Qomesin isə 84-cü dəqiqədə vurduğu qollarla əzmkar qələbə qazanıb.
Bu nəticədən sonra "Atalanta" xalını 78-ə çatdırmasına baxmayaraq, ikinci pillədə çox qala bilməyib. Çünki gecənin digər qarşılaşmasında "İnter" "Napoli"ni evdə 2:0 hesablı məğlubiyyətə düçar edib. Qolları 11-ci dəqiqədə Danilo D Ambrozio, 74-cü dəqiqədə isə Lautaro Martines vurub.
Beləliklə, xalını 79-a yüksəldən "İnter" yenidən ikinci pilləni ələ keçirib. "Atalanta" isə üçüncü pilləyə enib. Hazırda 75 xalla 4-cü yerdə gedən "Latsio" iyulun 29-da öz meydanında "Breşiya"ya qalib gəlsə, gümüş medallar uğrunda mübarizəni sonadək davam etdirəcək.
XXXVIII turda "İnter" "Atalanta"nın, "Latsio" isə "Napoli"nin qonağı olacaq.