"ASK Arena"da autsayderlərin dueli, "Neftçi" "Səbail"in qonağı olacaq

"ASK Arena"da autsayderlərin dueli, "Neftçi" "Səbail"in qonağı olacaq Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında VI turun daha 2 oyunu keçiriləcək.
Futbol
2 Oktyabr , 2021 07:30
ASK Arenada autsayderlərin dueli, Neftçi Səbailin qonağı olacaq

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında VI turun daha 2 oyunu keçiriləcək.

"Report"un məlumatına görə, hər iki qarşılaşma paytaxtda baş tutacaq.

Günün ilk görüşündə autsayderlər üz-üzə gələcəklər. Hərəyə 1 xalla 7-8-ci yerləri bölüşən "Keşlə" və "Sabah" münasibətlərinə "ASK Arena"da aydınlıq gətirəcəklər.

Komandalar indiyədək ölkə çempionatında 10 dəfə qarşılaşıblar. Bu oyunların 4-də meydan sahibləri, 1-də qonaqlar qələbə qazanıblar. 4 matçda isə qalib müəyyənləşməyib. Topların nisbəti də Sənan Qurbanovun baş məşqçi olduğu komandanın xeyrinədir - 12:6. “Sabah” son 9 matçda qələbə qazanmayıb. Son üç görüş heç-heçə başa çatıb.

Günün son oyununda "Neftçi" "ASCO Arena"da "Səbail"in qonağı olacaq. Hazırda flaqman 10 xalla 4-cü, "dənizçilər" isə 6 xalla 6-cı pillədə qərarlaşıb. Bu, komandaların öz aralarındakı 16-cı Premyer Liqa matçı olacaq. Əvvəlki 15 qarşılaşmada qonaqlar 10, meydan sahibləri 2 qələbə qazanıb. 3 görüş isə heç-heçə yekunlaşıb. "Ağ-qaralar"ın 34 qoluna rəqibi 10 qolla cavab verib.

“Neftçi” ardıcıl 4 oyunda qələbə qazanıb. “Səbail” isə son 8 matçda qalib gələ bilməyib.

Azərbaycan Premyer Liqası

VI tur

2 oktyabr (şənbə)

17:00. “Keşlə” –“Sabah”
Hakimlər: Rəşad Əhmədov, Rahil Ramazanov, Rəhman İmami, Rauf Allahverdiyev
Hakim-inspektor: Gülağa Cabarov
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
“ASK Arena”

19:15. “Səbail” – “Neftçi”
Hakimlər: Vüqar Həsənli, Pərvin Talıbov, Eyyub İbrahimov, Fərid Hacıyev
Hakim-inspektor: Rövşən Əhmədov
AFFA nümayəndəsi: Mübariz Hüseynov
“ASCO Arena”

Qeyd edək ki, ilk oyun günündə "Zirə" evdə "Sumqayıt"ı 1:0 hesabı ilə məğlub edib. Tura oktyabrın 3-də oynanılacaq "Qarabağ" - "Qəbələ" görüşü ilə yekun vurulacaq.

Son xəbərlər

Orphus sistemi