Asif Məmmədov: "Qarabağ"la kubok oyununa əlimizi sallayıb çıxmayacağıq"

Asif Məmmədov: "Qarabağ"la kubok oyununa əlimizi sallayıb çıxmayacağıq" "Rəqib güclüdür deyib əlimizi sallayıb oyuna çıxmayacağıq, çətin olsa da, mübarizə aparacağıq".
Futbol
7 Mart , 2022 14:02
Asif Məmmədov: Qarabağla kubok oyununa əlimizi sallayıb çıxmayacağıq

"Rəqib güclüdür deyib əlimizi sallayıb oyuna çıxmayacağıq, çətin olsa da, mübarizə aparacağıq".

Bunu "Report"a müsahibəsində "Qəbələ"nin kapitanı Asif Məmmədov "Qarabağ"a qarşı keçirəcəkləri Azərbaycan Kubokunun yarımfinal mərhələsinin oyunları barədə danışarkən deyib.

36 yaşlı yarımmüdafiəçi Premyer Liqanın XVIII turunda eyni rəqiblə görüşdəki 1:5 hesablı məğlubiyyətin onlar üçün dərs olduğunu bildirib: "Bundan sonra "Qarabağ"a qarşı digər 3 oyunda yaxşı çıxış edəcəyimizə inanıram. Futbolda hər şey ola bilər. Biz dünənki matçın birinci hissəsində yaxşı oynadıq. Bundan əvvəlki iki görüşdə də pis çıxış etməmişik. "Qarabağ"a qarşı 3 oyunun yalnız birinin ikinci yarısında pis oynamışıq. Çempionatın ilk dövrəsində 0:2 hesabı ilə məğlub olduğumuz qarşılaşmada da yaxşı oyun göstərmişdik. 45 dəqiqəlik 6 hissənin yalnız birində pis oynadıq. Bizim kubokda finala adlamaq ümidimiz var. Əlimizdən gələni edib turu keçən tərəf biz olmaq istəyirik".

Təcrübəli oyunçunun sözlərinə görə, Ağdam təmsilçisi Azərbaycan Premyer Liqasında istənilən komandanı rahat uda biləcək gücdədir: "Bizdə ruh düşkünlüyünün olacağına da inanmıram. Bu məğlubiyyət komandaya yaxşı dərs oldu. İstəyimiz Konfrans Liqasına vəsiqə qazanmaqdır. Biz çempionluğa oynamırıq. Nə qədər irəlidə olsaq, bir o qədər yaxşıdır. Məqsədimiz avrokuboklarda mübarizə aparmaqdır. Buna da çox yaxınıq. Hər şey öz əlimizdədir. Bu oyunla biz avrokuboklarda çıxış etməliyik".

Qeyd edək ki, "Qəbələ" və "Qarabağ" komandaları arasında ölkə kubokunun yarımfinal mərhələsinin ilk qarşılaşması aprelin 20-də, cavab oyunu isə aprelin 29-da olacaq.

Asif Məmmədovun müsahibəsinin tam versiyasını buradan oxuya bilərsiniz.

Son xəbərlər

Orphus sistemi