"Qəbələ"nin kapitanı: "Digər rəqiblərin yararlanmadığı səhvlərimizi "Qarabağ" bağışlamadı"

"Qəbələ"nin kapitanı: "Digər rəqiblərin yararlanmadığı səhvlərimizi "Qarabağ" bağışlamadı" "Qəbələ" futbol komandasının kapitanı Asif Məmmədovun "Report"a müsahibəsi
Futbol
7 Mart , 2022 12:32
Qəbələnin kapitanı: Digər rəqiblərin yararlanmadığı səhvlərimizi Qarabağ bağışlamadı

"Qəbələ" futbol komandasının kapitanı Asif Məmmədovun "Report"a müsahibəsi

- Azərbaycan Premyer Liqasının XVIII turunda "Qarabağ"a 1:5 hesabı ilə uduzdunuz. Belə ağır məğlubiyyətə səbəb nə oldu?
- Biz belə hesab gözləmirdik. Çünki iki fərqli hissə oynadıq. İlk yarıda çox yaxşı oyun sərgilədik. İkinci hissədə isə öz səhvlərimizə görə bu nəticə qeydə alındı. Hesab 1:2 olandan sonra bir az ruh düşkünlüyü oldu. "Qarabağ" isə belə şeyləri bağışlamır. Amma heç nə bitməyib. Rəqibin gücü hamıya bəllidir və heyət, büdcə baxımından da bizdən öndədirlər. Ağır məğlubiyyət oldu, amma toparlanıb qarşıdakı görüşlərdə daha yaxşı mübarizə aparacağıq.

- İkinci hissədə hesabı qoruya bilməməyiniz nə ilə bağlı idi?
- Çox kobud səhvlərə yol verirdik. Futbolda belə hallar olur. Başqa komandalar bəlkə də bundan istifadə edə bilmir. Amma "Qarabağ" səhvləri bağışlamır. Çünki heyətlərində yaxşı və kifayət qədər futbolçular var. Başqa matçlarda da bu səhvləri buraxmışıq. Amma həmin vaxt cəzalanmamışdıq. Digər qarşılaşmalarda bunları təkrarlamamağa çalışacağıq.

- Omar Haninin zədələnərək erkən əvəzlənməsi məğlubiyyətdə nə dərəcədə rol oynadı?
- Onun zədələnməsinin uduzmağımızda çox da rolu olduğunu düşünmürəm. Erkən əvəzetmə hardasa təsir edə bilər, amma bizim komanda bir futbolçunun üzərində qurulmayıb.

- Start heyətdə meydana çıxmamağınızın səbəbi nə idi?
- XVI turda "Səbail"lə matçda əzələmi dartmışdım. Ondan sonrakı turda "Sumqayıt"a 4:0 hesabı ilə qalib gəldik, bu görüşdə iştirak edə bilmədim. Futbolda yazılmamış qanun var ki, qalib heyəti dəyişməzlər. "Sumqayıt"la görüşdə də hamı çox yaxşı oynamışdı və baş məşqçi heyəti dəyişmədi. Mən də onun fikrinə hörmətlə yanaşıram. Bu səbəbdən ehtiyatda qalmışdım.

- Ölkə kubokunun yarımfinalında məhz "Qarabağ"la üz-üzə gələcəksiniz. Belə oyunla bu komandanı keçəcəyinizə nə qədər inamınız var?
- Futbolda hər şey ola bilər. Biz dünənki matçın birinci hissəsində yaxşı oynadıq. Bundan əvvəlki iki görüşdə də pis çıxış etməmişik. "Qarabağ"a qarşı 3 oyunun yalnız birinin ikinci yarısında pis oynamışıq. Çempionatın ilk dövrəsində 0:2 hesabı ilə məğlub olduğumuz qarşılaşmada da yaxşı oyun göstərmişdik. 45 dəqiqəlik 6 hissənin yalnız birində pis oynadıq. Bizim kubokda finala adlamaq ümidimiz var. Əlimizdən gələni edib turu keçən tərəf biz olmaq istəyirik. Çətin olsa da, mübarizə aparacağıq. Rəqib güclüdür deyib əlimizi sallayıb oyuna çıxmayacağıq. Əksinə, belə məğlubiyyətlər bizə dərs olur. Bundan sonra "Qarabağ"a qarşı digər 3 oyunda yaxşı çıxış edəcəyimizə inanıram.

- Məğlubiyyətin psixoloji təsirini nəzərə alsaq, avrokuboklara vəsiqə şansınızın əldən çıxma təhlükəsi yarana bilərmi?
- Futbolçularımızın hamısı təcrübəlidir. Yenə demək istəyirəm ki, biz "Qarabağ"a uduzmuşuq. Bu gün rəqib Azərbaycan Premyer Liqasında istənilən komandanı rahat uda biləcək gücdədir. Bizdə ruh düşkünlüyünün olacağına da inanmıram. Bu məğlubiyyət komandaya yaxşı dərs oldu. İstəyimiz Konfrans Liqasına vəsiqə qazanmaqdır. Biz çempionluğa oynamırıq. Nə qədər irəlidə olsaq, bir o qədər yaxşıdır. Məqsədimiz avrokuboklarda mübarizə aparmaqdır. Buna da çox yaxınıq. Hər şey öz əlimizdədir. Bu oyunla biz avrokuboklarda çıxış etməliyik.

- Çempionatda da çətin qrafiklə üz-üzəsiniz. XIX turda "Zirə", ardınca isə "Neftçi" ilə qarşılaşacaqsınız. Bu matçlardan gözləntiləriniz nədir?
- Qrafik çətindir. Amma biz rəqiblərə fərq qoymuruq. Qarşıdakı bütün oyunlara qələbə üçün çıxacağıq. Əvvəl-axır bu rəqiblərlə görüşməliyik. Qrafikdən narazılıq etmirik.

Son xəbərlər

Orphus sistemi