"Araz-Naxçıvan"ın baş məşqçisi Elmar Baxşıyev "Turan Tovuz"la bərabərə qaldıqları Misli Premyer Liqasının XXXI turunun oyununda futbolçuları Vanderson Meloya ikinci sarı vərəqənin göstərilməsini doğru qərar saymayıb.
"Report" xəbər verir ki, mütəxəssis bu barədə görüşdən sonra baş tutan mətbuat konfransında bildirib.
O, qarşılaşmanı şərh edib:
"Ağır görüş alındı. Hər iki komanda meydanda yaxşı mübarizə apardı. Bizi nəyin gözlədiyini bilirdik və hazırlıq zamanı rəqibin üstün cəhətlərini demişdik. Heç-heçə oynadıq, hesabımıza daha bir xal əlavə etdik. Heyətimizdə zədəli futbolçular çox olduğuna görə rotasiya edə bilmirik. Vandersona göstərilən ikinci sarı vərəqə, məncə, doğru qərar deyildi. Bu görüşü unudub qarşıdakı oyunlara hazırlayacağıq".
Qeyd edək ki, XXXI turun görüşündə "Araz-Naxçıvan" doğma meydanda "Turan Tovuz" ilə heç-heçəyə razılaşıb - 1:1.