Bakı. 9 oktyabr. REPORT.AZ/ “Bavariya” Lövə təklif göndərsə, əleyhinə çıxacağam”.
“Report” xəbər verir ki, bunu Almaniya yığmasının baş meneceri Oliver Birhoff Bundestimin baş məşqçisi Yoahim Lövün “Bavariya”nın sükanı arxasına keçmə ehtimalını “Four Four Two” nəşrinə şərh edərkən deyib.
49 yaşlı funksioner bildirib ki, “Bavariya”nın Lövə marağı var. Lakin o, təcrübəli mütəxəssisin Almaniya millisi ilə 2020-ci ilə qədər müqaviləsi olduğuna diqqət çəkib: “Futbolda hər şey mümkündür. Löv istənilən komandanı idarə etmək üçün lazımi təcrübəyə malikdir. Fikrimcə, “Bavariya”nın ona marağı var. Lakin digər tərəfdən, baş məşqçimizin milli komanda ilə 2020-ci ilə qədər müqaviləsi mövcuddur”.
Qeyd edək ki, oktyabrın 8-də 2018-ci il dünya çempionatının seçmə mərhələsində Azərbaycan yığmasını qəbul edən Almaniya millisi 5:1 hesabı ilə qalib gəlib. Bundestim tsikldə 10 görüşün hamısında qələbə qazanaraq mundiala vəsiqə əldə edib.