Albaniya çempionu "Qarabağ"la oyunda penalti seriyasına köklənib

Albaniya çempionu "Qarabağ"la oyunda penalti seriyasına köklənib Albaniyanın “Partizani” komandası “Qarabağ”a qarşı Bakıda keçirəcəyi Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab matçının hazırlığında əsas diqqəti penalti seriyasına yönəldib.
Futbol
16 İyul , 2019 09:51
Albaniya çempionu Qarabağla oyunda penalti seriyasına köklənib

Albaniyanın “Partizani” komandası “Qarabağ”a qarşı Bakıda keçirəcəyi Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab matçının hazırlığında əsas diqqəti penalti seriyasına yönəldib.

“Report”un “Panorama Sport” portalına istinadən verdiyi məlumata görə, baş məşqçi Franko Lerda Tiranadakı ilk oyunun qolsuz heç-heçə ilə başa çatdığını nəzərə alaraq, məşq prosesində 11 metrlik cərimə zərbəsinə xüsusi önəm verib. Maraqlıdır ki, penalti vuruşları zamanı “çərçivə”də əsas qapıçı Alban Hoca deyil, Daşamir Cika yer alıb.

İlk qarşılaşmada olduğu kimi, cavab oyununda da müdafiə futboluna üstünlük verməyi planlaşdıran italiyalı mütəxəssis iyulun 14-də və 15-də baş tutan məşqləri qapalı olmasını istəyib. Texniki-taktiki hazırlığa da diqqət yetirən Lerdanın start heyətini müəyyənləşdirməkdə çətinlik çəkdiyi bildirilir.

Portalın yazdığına görə, baş məşqçi ilk görüşlə müqayisədə “11-lik”də 2 dəyişiklik edəcək. O, sol cinah müdafiəçisi Esin Hakayı Lorents Traşi ilə əvəzləyəcək. Hücumçu Emmanuel Mensanın yerinə isə Brayan Braun meydana çıxacaq.

Proqnoza əsasən, qapıda Alban Hoca dayanacaq. Müdafiədə soldan sağa olmaqla, Lorents Traşi, Eqzon Belitsa, Eneo Bitri və Labinot İbrahimi yer alacaq. Orta xətdə eyni qaydada Vilyam Kordeyru, Bruno Telyuşi və Esat Mala çıxış edəcək. Hücum xətti isə Eraldo Çinari, Brayan Braun və Yasir Asanidən ibarət “üçlük”dən təşkil olunacaq.

Digər variant isə ilk oyundakı heyətdə yalnız Emmanuel Mensanı Teofilus Solomonla əvəzləməkdir.

Qeyd edək ki, iyulun 17-də "Dalğa Arena"da "Qarabağ" və Albaniya çempionu arasında keçiriləcək matç saat 21:00-da başlanacaq.

Son xəbərlər

Orphus sistemi