Aftandil Hacıyev: “Neftçi” “Qarabağ”dan üstündür”

Aftandil Hacıyev: “Neftçi” “Qarabağ”dan üstündür” “Neftçi” psixoloji baxımdan “Qarabağ”dan üstündür. Çünki ağdamlılar son iki turda xal itirib. Üstəlik, onların həm itkiləri var, həm də futbolçuları yorğundur”.
Futbol
2 Dekabr , 2022 14:48
Aftandil Hacıyev: “Neftçi” “Qarabağ”dan üstündür”
Aftandil Hacıyev

“Neftçi” psixoloji baxımdan “Qarabağ”dan üstündür. Çünki ağdamlılar son iki turda xal itirib. Üstəlik, onların həm itkiləri var, həm də futbolçuları yorğundur”.

Bunu “Report”a açıqlamasında “Neftçi” və “Qarabağ”ın sabiq futbolçusu Aftandil Hacıyev adıçəkilən komandalar arasında bu gün Premyer Liqanın 16-cı turunda keçiriləcək oyunla bağlı danışarkən deyib.

41 yaşlı mütəxəssis hər iki komanda ilə bağlı narahatlıq doğuran məqamların olduğunu söyləyib. Hacıyev Azərbaycan derbisində paytaxt klubunu daha şanslı hesab edir: “Səbail”lə ötən turdakı matçın ikinci hissəsində sərgilənən oyun “Neftçi” tərəfində narahatlıq yarada bilər. “Qarabağ” isə zədəlilərlə bağlı görüşə itkilərlə çıxsa, onların problem yaşaması qaçılmazdır. “Neftçi” bu baxımdan daha hazırlıqlı görünür. Bakılıların rəqibin indiki durumundan istifadə edərək, xal fərqini azaltmaq şansı yüksəkdir. Onu da nəzərə alaq ki, “Neftçi” “Bakcell Arena”da daha fərqli çıxış edir. Lakin “Qarabağ”ın da evdə və ya səfərdə oynadığı hiss olunmur. Üstəlik, ağdamlıların ehtiyat qüvvəsi rəqibindən genişdir”.

“Səbail”in sabiq baş məşqçisinin fikrincə, “Bakcell Arena”da baş tutacaq qarşılaşmada Qurban Qurbanovun yetirmələrinin mümkün qalibiyyəti “Neftçi”ni çempionluq yarışından uzaqlaşdıracaq: “Qarabağ” bu gün “Neftçi”yə qalib gəlsə, çempionluq mübarizəsində böyük üstünlük qazanacaq. Çünki qızıl medallara iddia edən komanda üçün 12 xal böyük fərq olar. Amma bu komandaların hələ daha iki görüşü olacaq. Üstəlik, “Sabah”la matçlar da var. Bunların hamısı 6 xallıq oyunlardır”.

Mütəxəssis bu komandalar arasında keçirilən son 5 çempionat görüşündə “Qarabağ”ın qələbə qazanmasına da münasibət bildirib: “Qarabağ”ın güclənməsi son illər bu komandalar arasında keçirilən oyunların marağını azaldıb. Mənfi statistika hər zaman istənilən klubda inamsızlıq yaradır. Bəzən də bu amil motivasiya baxımından daha əlverişli olur. Əvvəlki məğlubiyyətlərin “Neftçi”də qorxu yaradacağına inanmıram”.

Aftandil Hacıyev hazırda turnir cədvəlində ikinci pillədə qərarlaşan “Sabah”ın da diqqətinin derbidə olacağını əlavə edib. Onun sözlərinə görə, bakılılar bu gün “Neftçi”yə azarkeşlik edəcəklər: “Sabah” bugünkü matçda hər iki komandanın xal itirməsində maraqlı olacaq. Ancaq məncə, onlar çempionluq uğrunda mübarizə apardığı üçün “Qarabağ”ın məğlubiyyətinə daha çox sevinəcəklər”.

Qeyd edək ki, “Neftçi” – “Qarabağ” oyunu saat 21:00-da start götürəcək.

Son xəbərlər

Orphus sistemi