Aftandil Hacıyev: "Neftçi"nin futbolçusu bizim tərəfə tüpürdü"

Aftandil Hacıyev: "Neftçi"nin futbolçusu bizim tərəfə tüpürdü" "Neftçi" üzərində qələbə 6 xala bərabərdir"
Futbol
24 Fevral , 2019 19:01
Aftandil Hacıyev: Neftçinin futbolçusu bizim tərəfə tüpürdü

Bakı. 24 fevral. REPORT.AZ/ "Oyunun ağır olacağını bilirdik. Düşündüyümüzdən də ağır oldu. İkinci hissədə bu qədər müdafiə olunacağımızı gözləmirdim. Çünki hesabda 2:0 önə keçməyimiz də gözlənilməz idi. Ümumi planımızda var idi ki, rəqibi əks-hücumda yaxalayaq. Standart vəziyyətlərdən də yararlanmaq istəyirdik. "Neftçi" üzərində qələbə 6 xala bərabərdir. Bəlkə də çempionatda ən vacib qələbəni qazandıq".

"Report"un məlumatına görə, bunu "Səbail"in baş məşqçisi Aftandil Hacıyev Azərbaycan Premyer Liqasının XVIII turunda səfərdə "Neftçi"yə 2:0 hesabı ilə qalib gəldikləri oyundan sonra mətbuat konfransında deyib.

Hacıyev bildirib ki, komandası heç də üstün oyun sərgiləməyib:

"Üstünlüyün biz tərəfdə olduğunu deməzdim. "Neftçi" favorit idi. Sadəcə, çox istəkli idik. Bəzi komponentlərdə onları yaxalamaq istəyirdik. "Neftçi" güclü olsa da, bəzi zəif nöqtələrindən yararlanmaq istəyirdik. Bu, o demək deyil ki, onlardan güclüyük. "Neftçi" çempionluğa oynayır, bizim məqsədimiz isə 3-cü pillədəki mövqeyimizi qorumaqdır".

Baş məşqçi "Fərqli qələbədir, fərqli mükafat olacaqmı?" sualını isə belə cavablandırıb:

"Çempionluğa oynayan komandadan 3 xal almaq digərləri üzərində qələbədən fərqlənir. Yəqin ki, rəhbərlik bunu nəzərə alar".

Gənc mütəxəssis növbəti mövsüm çempionluq uğrunda mübarizə aparmağın çətinliyini də vurğulayıb:

"Çünki "Səbail" köklü klub deyil. Müəyyən vaxta ehtiyac var. "Neftçi" və "Qarabağ"la mübarizə aparmaq üçün heyətdə köklü dəyişiklik olmalıdır. Qərarlaşdığımız pillədə möhkəmlənmək istəyirik. Bu gün bizdən aşağıda qərarlaşan komandalarla mübarizə aparırıq".

Sonda Hacıyev matçın ardından rəqib həmkarı Roberto Bordinin ona etirazının səbəbini açıqlayıb:

"Bordin onun oyunçusuna söz dediyim üçün etiraz etdi. Amma mən də öz oyunçumuzu müdafiə edirdim. Futbolçunun bizim texniki zona tərəfə tüpürməsi etik deyildi. Anlaşılmazlıq idi. Zaman keçdikcə, səhvini başa düşə bilər. İnanmıram ki, Bordinə tərəf hansısa oyunçumuz tüpürsə, o, sakit dayanar".

Qeyd edək ki, bu qələbədən sonra "Səbail" 3-cü pillədə möhkəmlənib. 38 xala malik "Neftçi" isə "Qarabağ" ilə birgə şərikli liderliyini davam etdirir.

Son xəbərlər

Orphus sistemi