Hər seminarın müsbət tərəfləri var. Xorvatiyadakı tədbir də belə idi.
Bunu "Report"a açıqlamasında AFFA-nın Kütləvi Futbol Departamentinin rəhbəri Fərrux İsmayılov Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilmiş UEFA-nın seminarı ilə bağlı danışarkən deyib.
O, tədbirdə bir sıra mövzularla tanış olduqlarını bildirib: "Toplantıda kütləvi futbolda müxtəlif oyun formatlarının tətbiqi, erkən yaşda uşaqların futbolda davamlı olaraq qala bilmələri, sosial məsuliyyətin kütləvi futbolda əhəmiyyətli rolu, uşaq futbolunun inkişafı, hər yaşa uyğun meydanların ölçüsü, oyunların vaxtı və digər məsələlər haqqında müzakirələr aparıldı. Deyə bilərəm ki, seminarlarda öyrəndiklərimizi U-8 Liqasında iki ildir tətbiq etmişik. Burada meydanın və qapının ölçüsü fərqlidir. U-9 Liqasında isə ötən il qapıların ölçüsündə dəyişiklik etdik. Artıq U-12 Liqasına kimi cədvəl də götürülüb".
Azərbaycan millisinin sabiq üzvü uşaqların futbolda davamlı qala bilmələri yönündə bir sıra addımlar atdıqlarını vurğulayıb: "Bağçalarda futbol dərsləri təşkil edirik. Dörd belə bağçada məşqçi təyin olunub. Bu il daha iki bağçada futbol dərsi planlaşdırılır. 50 məktəbdə isə futbol dərsi var. İdman müəllimləri üçün üç günlük D kursu keçirilib, sertifikat verilib. İdman dərslərində isə futbol məşqləri baş tutur. Bununla bağlı Elm və Təhsil Nazirliyi ilə anlaşma memorandumu da imzalanıb. 30 məktəbdə isə "playmakers" layihəmiz mövcuddur, 5-8 yaşlı uşaqlara futbol dərsi keçirilir. Mövsümün sonunda bütün məktəblərdə turnir və festival gerçəkləşəcək. Bu gündən məktəblərdə turnirlərimiz başlayır, mayın 26-da festifal olacaq".
Azərbaycan millisinin sabiq üzvü qızları da futbola cəlb etmək istədiklərini sözlərinə əlavə edib: "5-8 yaşlı qız uşaqlarına futbol dərsləri keçirilir. Qadın futbolunda inkişafa nail olmaq niyyətindəyik. Bu səbəbdən gənc yaşda cəlb edirik. Futbolu sevmələrini, bu idman növündə qalmalarını istəyirik. Bu layihədə maraqlı məşqlər olur. Bütün hazırlıq prosesi cizgi fimlərinin üzərindən keçirilir. Artıq 1200-1300 qız cəlb olunub, uşaqlar özləri də məşqlərə maraq göstərirlər".