AFFA-nın vitse prezidenti: "Penaltiyə görə kimisə günahlandırmaq olmaz"

AFFA-nın vitse prezidenti: "Penaltiyə görə kimisə günahlandırmaq olmaz" AFFA-nın vitse-prezidenti Vaqif Sadıqovun "Report"a müsahibəsi
Futbol
15 Oktyabr , 2020 16:12
AFFA-nın vitse prezidenti: Penaltiyə görə kimisə günahlandırmaq olmaz
Vaqif Sadıqov

AFFA-nın vitse-prezidenti Vaqif Sadıqovun "Report"a müsahibəsi

- Azərbaycan yığması Millətlər Liqasının III turunda Monteneqroya 0:2 hesabı ilə uduzub, ardıncı isə Kiprlə qolsuz heç-heçə edib. Komandanın yaxşı nəticə əldə etməsinə nə mane oldu?

- Hesab edirəm ki, yığma komanda Monteneqroya və Albaniyaya yollananda məqsədə nail olmaq üçün yaxşı hazırlıq keçmişdi. Hər iki oyunda istədiyimiz nəticəni əldə edə bilmədik. Komanda məğlubiyyətdən sonra özünü toparladı və mübariz kollektivə çevrildi. Kiprə qarşı sona qədər mübarizə apardıq. Bəxt amili, bəlkə də, səviyyə baxımından imkan olmadı ki, biz üstün oynadığımız matçda 3 xal qazanaq. Ümumi baxanda onu deyə bilərəm ki, baş məşqçi Canni De Byazi axtarışdadır, komanda formalaşdırır. Yoldaşlıq oyunları olmadığı üçün Millətlər Liqasında sınaq kimi bütün oyunçulara imkan vermək istəyir. Sınaqdan keçirdikdən sonra tam formalaşan heyət qurmaq istəyir. Ümidimiz var ki, bu, öz bəhrəsini verəcək. Gələcəkdə bundan da güclü, bizi sevindirən, məqsədlərə nail olan milli komanda görəcəyik.

- Kiprlə matçda Azərbaycan yığması üstün oynadığı halda, qol şanslarını boşa verdi, penaltidən də yararlana bilmədi. Sizcə, penalti niyə məhz Qara Qarayevə həvalə edildi?

- Burada kimisə günahlandırmaq lazım deyil. Hesab edirəm ki, bu, baş məşqçinin qərarı idi. Kimin hazır olduğunu o qat-qat yaxşı bilir. Ona görə penaltini Qara Qarayevə tapşırdı. Bu, idmandır. Hər bir penalti qolla nəticələnəcək deyə bir şey yoxdur. Həmin görüşdə çoxlu qol epizodu yarada bildik. Etibarlı oyun sərgiləməklə, rəqibə imkan vermədik. Onlar bizim qapımızın önündə təhlükə belə yarada bilmədilər. Komandamızda yaxşı ruh hiss edilir. Futbolçular hər məqamda bir-birinə dəstək verir. İnanıram ki, gələcəkdə yaxşı yığma komanda görəcəyik.

- Cəbhə bölgəsindəki hadisələr yığmanın oyunlarına təsir etdimi?

- Biz bunun şahidi olduq. Komanda ilə birlikdə idik. Azərbaycanda elə bir ailə yoxdur ki, onun hansısa qohumu, yaxını və tanışı cəbhə bölgəsində olmasın. Bu gün Azərbaycan xalqı bir məqsəd üçün birləşib. Bəlkə də baş verənlər futbolçulara psixoloji təsir etdi. Təsir etməməsi mümkün deyil. Çünki fikirləri başqa yerdə qalır. Biz əsgərlərimizin, Ordumuzun yanındayıq. Komandanın hər bir üzvü bu düşüncədədir: İnanıram ki, qələbə bizim olacaq. Qarabağ Azərbaycandır!"

- Ermənilər daha çox mülki əhalini hədəfə alır. Gəncədə terror hadisəsi törətdilər...

- Onlar şərəfsiz olduqlarını sübut edirlər. Prezident İlham Əliyev də deyib ki, heç kimin qanı yerdə qalmayacaq. Bu ifadələr bizi ruhlandırır. Hamımız başa düşürük ki, şəhidlik müqəddəsdir. Torpaqlarımız geri qayıdacaq, biz öz istəyimizə çatacağıq. Firəvan həyat yaşamaq üçün bu yolu keçməliyik.

- Qarşıda "Qarabağ"ın avrokubok matçları var. Ölkədə komendant saatı tətbiq edilir. Ev oyunlarının neytral meydanda keçirilməsi gündəmdədirmi?

- Hazırda nə isə demək çox çətindir. Son qərarı, yəqin ki, UEFA verəcək. Qərardan asılı olmayaraq, Azərbaycan təmsilçisi Avropada yoluna davam edir. "Qarabağ Azərbaycandır!" təbliğat maşını Avropada yoluna davam edəcək. Hər bir oyunda öz komandamıza uğurlar arzu edirəm. İnanıram ki, bundan da yaxşı nailiyyətlərə imza atacaqlar.

- UEFA-nın qərarına əsasən avrokubok matçlarında stadionun tutumunun 30 faizinə qədər azarkeş buraxıla bilər. Lakin yerli orqanların icazəsi olmalıdır. "Qarabağ"ın Avropa Liqası matçlarında azarkeşlərin iştirakı mümkündürmü və bu istiqamətdə aidiyyəti qurumlarla danışıq aparılırmı?

- Bu, hələlik UEFA tərəfindən sınaqdan keçirilir. Biz də ümidliyik ki, öz azarkeşlərimizi tribunalarda görə biləcəyik. Hazırda ölkəmizdə koronavirusa yoluxmanın sayı artmaqdadır. Cəbhə bölgəsində isə gərgin müharibə davam edir. Azarkeşlər barədə nəsə demək çətindir. UEFA tərəfindən bəzi oyunların nəticəsi əldə ediləcək. Ondan sonra biz də nəsə edə bilərik.

Son xəbərlər

Orphus sistemi