AFFA-nın növbəti Hesabat Konfransı start götürüb - YENİLƏNİB-2

AFFA-nın növbəti Hesabat Konfransı start götürüb - YENİLƏNİB-2 Konfransdan dərhal sonra isə İcraiyyə Komitəsinin iclası keçiriləcək
Futbol
136
15 Mart , 2017 10:38
AFFA-nın növbəti Hesabat Konfransı start götürüb - YENİLƏNİB-2
Report.az

Bakı. 15 mart. REPORT.AZ/ Bu il zəngin futbol ili oldu. Bir sıra uğurlar əldə etdik. Müsbət hallarla yanaşı, mənfi məqamlar da var. Bunlardan biri I divizionda danışılmış oyunlardır. Artıq qanunda edilən dəyişikliyə əsasən, danışılmış oyun cinayət sayılır".
"Report"un məlumatına görə, bunu AFFA-nın baş katibi Elxan Məmmədov qurumun Hesabat Konfransında deyib.

E.Məmmədov bildirib ki, danışılmış oyunlar bir xəstəlik, virusdur. O, AFFA prezidenti Rövnəq Abdullayevin göstərişi ilə araşdırmalara başladıqlarını söyləyib: "İntizam Komitəsinin qərarı ilə bəzi şəxslərlə bağlı ölçü götürüldü. Bu halların qarşısı alınmalıdır. Bütün futbol ictimaiyyətinə müraciət edirəm ki, bu virusa qarşı birgə mübarizə aparaq. Əks halda sanksiya ilə üzləşə bilərik".

Baş katib Azərbaycan Premyer Liqasında çıxış edən klubların sayının azlığına da diqqət çəkib: "Biz də istərdik ki, Azərbaycan Premyer Liqasında 8 deyil, 10-12 komanda iştirak etsin. Lakin bu, maliyyə ilə bağlıdır".

Bakının Çempionlar Liqasının 2018/19 mövsümünün final oyunu üçün namizədliyini irəli sürdüyünü qeyd edən assosiasiya rəsmisi, burada əsas rəqibin İspaniyanın Madrid şəhəri olduğunu deyib: "Bizim rəqibimiz İspaniyanın Madrid şəhəridir. Tələbə əsasən, stadion tutumu 70 min olmalıdır. Lakin Bakı Olimpiya Stadionu 68 min yerlikdir. Ona görə də, əlavə 2 min yer quraşdırılacaq. Eləcə də, Avropa Liqasının final oyununun təşkili üçün namizədliyimizi irəli sürmüşük. Orada rəqiblərimiz çox olsa da, şansımız yüksəkdir".

E.Məmmədov UEFA İcraiyyə Komitəsinə namizədliyini irəli sürməkdə göstərdiyi dəstəyə görə, R.Abdullayevə minnətdarlıq edib.

*** 10:21

Bakı. 15 mart. REPORT.AZ/ Ötən il ərzində böyük işlər görülüb. "Report"un məlumatına görə, bunu AFFA prezidneti Rövnəq Abdullayev bu gün keçirilən Hesabat Konfransında deyib.

"Bakıda gənclər arasında Avropa çempionatının final mərhələsinin oyunları keçirildi. Milli komandamız 2018-ci il dünya çempionatının seçmə mərhələsinə uğurlu start götürüb", - o qeyd edib. 

R.Abdullayev bildirib ki, "Qarabağ" və "Qəbələ" klubları növbəti dəfə Avropa Liqasının qrup mərhələsində çıxış etdi: "Eləcə də, futzal üzrə Azərbaycan A divizionuna yüksəlib. AFFA-nın baş katibi UEFA-nın İcraiyyə Komitəsinə üzvlüyə namizəd verib. Bütün bu işlər Azərbaycan Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində olub. Ən böyük azarkeş cənab prezidentdir". 

*** 10:08

Bakı. 15 mart. REPORT.AZ/ AFFA-nın növbəti Hesabat Konfransı start götürüb. "Report"un məlumatına görə, "Boulevard Hotel"də təşkil olunan tədbirin gündəliyinə bir neçə məsələ daxildir.

AFFA-nın Nizamnaməsinin 29-cu maddəsinə əsasən, Konfransın Gündəliyinə aşağıdakı məsələlər daxil edilib:

- Prezident tərəfindən salamlama

- Yığıncağın tərkibinin yoxlanılması

- İcraiyyə Komitəsinin prezident tərəfindən təqdim olunmuş fəaliyyəti haqqında hesabatının təqdim olunması

- Maliyyə hesabatının təsdiq olunması

- Müstəqil auditorun və AFFA-nın Yoxlama və Təftiş Komitəsinin hesabatını nəzərə almaq

- Növbəti ilin büdcəsinin təsdiq olunması

- Hər hansı vakant vəzifəyə seçkilər

- AFFA üzvlərinin təkliflərinin qəbul olunması

- Digər məsələlər

Konfransda İcraiyyə Komitəsində mövcud olan 1 vakant yerə seçki də keçiriləcək. Həmin vəzifəyə yeganə namizəd Azərbaycan Futzal Ferderasiyasının prezidenti Zaur Axundovdur. 

Konfransdan dərhal sonra isə İcraiyyə Komitəsinin iclası keçiriləcək. 

Foto: Firi Salim

Son xəbərlər

Orphus sistemi