“Bizim üçün İstanbuldakı oyun çox vacibdir. Ora yalnız qələbə qazanmaq üçün gedəcəyik”.
“Report”un məlumatına görə, bunu “Neftçi”nin baş məşqçisi Adrian Mutu Türkiyənin “Beşiktaş” klubuna 1:3 hesabı ilə məğlub olduqları UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyunundan sonra mətbuat konfransında deyib.
Rumıniyalı mütəxəssis güclü rəqiblə qarşılaşdıqlarını etiraf edib: “Çətin oyun oldu. Çalışdıq ki, sona qədər mübarizənin içində olaq. Birinci hissədə “Beşiktaş” daha güclü idi. Amma ikinci hissədə biz daha fəal oynadıq, qol imkanları yaratdıq. Bəxtimiz gətirsəydi, ikinci qolu da vurardıq. Buraxdığımız üçüncü qolu rəqibə hədiyyə etdik. Bu barədə geniş danışmağa ehtiyac yoxdur. Orada Koffinin səhvi oldu. Amma zədədən yeni qayıdıb. Oyunçuların səhvsiz oynaması çox çətindir. Çünki rəqibimiz çox keyfiyyətli komanda idi. Bəzən elə məqamlar var ki, rəqibin gücünü qəbul etməlisən. Bu axşam qolları təhlil edəcəyəm. Müdafiədə boşluqlar verdik, rəqib də bundan yararlandı. Bunun üzərində işləyəcəyik”.
Baş məşqçi start heyət ilə bağlı seçimində yanılmadığını düşünür: "Əlimizdəki oyunçularla çıxış etdik. Məsələn, Olanare dünən kollektivə qoşulub, hələ gücünün 30 faizində deyil. Koffi də zədələnmişdi, yeni sağalıb. Təəssüf ki, Eddi İsrafilov, Ömər Buludov zədəli idilər. Kim daha yaxşı durumda idi, onlara da şans verdim. Bu cür rəqiblərlə görüşdən qopmamaq üçün daha çox qaçmalısan. Zədəsini sağaldan oyunçuları ikinci hissədə meydana buraxmağı planlaşdırırdım. Çünki ən yaxşı məşq oyundur. Oynayarkən fiziki durumun daha sürətlə yaxşılaşır. Fasilədən sonra bəzi futbolçuları 45 dəqiqə oynatmağa məcbur idim. Hətta zədələnmələrindən ehtiyatlanırdım. Zədə almamaları bizim üçün sevindirici oldu”.
O, bəzi oyunçuların hələ tam hazır olmadığını vurğulayıb: "Beşiktaş"la cavab görüşünə bir həftə vaxt var, indidən nəsə demək çətindir. Bu, qurmaq istədiyim heyətin hələ 30 faizidir. Yeni transferlər etməyə çalışırıq. Eyni zamanda heyətdəki oyunçuları yaxşı fiziki duruma çatdırmaq üçün işləyirik. Qarşıdakı matçlarda seçimlərimizdə diqqətli olmalıyıq. Çünki üç gündən bir oynamaq zədə riskini artırır. Yüz faiz hazır olmadıqda zədə almaq ehtimalı daha da çoxalır”.
Mutu komandasının ikinci hissədəki performansından məmnunluqla danışıb: “Birinci hissə emosiya ilə dolu keçdi. “Beşiktaş”ın yox, yalnız “Neftçi” azarkeşlərinin səsini eşidirdim. İkinci hissədəki çıxışımızdan çox xoşum gəldi. Sona qədər mübarizə apardıq. Biz təkcə avrokubok yox, çempionat oyunlarını da düşünməliyik. Çünki qarşımızda böyük hədəflər var”.
Qeyd edək ki, komandalar arasında cavab oyunu avqustun 17-də İstanbulda baş tutacaq.