"Formula 1": Lekler Bakıda ardıcıl üçüncü dəfə sıralama turunda lider olub - YENİLƏNİB - 5

"Formula 1": Lekler Bakıda ardıcıl üçüncü dəfə sıralama turunda lider olub - YENİLƏNİB - 5 Yarış saat 17:00-da start götürüb
Formula 1
28 Aprel , 2023 18:27
Formula 1: Lekler Bakıda ardıcıl üçüncü dəfə sıralama turunda lider olub - YENİLƏNİB - 5

"Formula 1" üzrə Azərbaycan Qran-prisində sıralama turu başa çatıb. 

"Report"un məlumatına görə, "Ferrari" pilotu Şarl Lekler mübarizəni birinci pillədə bitirib. 

"Red Bull"dan Maks Ferstappen ikinci, onun komanda yoldaşı Serxio Peres üçüncü olub. 

"Ferrari"nin digər sürücüsü Karlos Saynz və "Mercedes"dən Lüis Hemilton ilk "5-liy"i tamamlayıblar. 

2021 və 2022-ci ildə də birinci yeri tutan Şarl Lekler ardıcıl üçüncü dəfə sıralama turunda lider olub.

18:08

"Formula 1" üzrə Azərbaycan Qran-prisində sıralama turu davam edir.

"Report"un məlumatına görə, "Red Bull"un niderlandlı pilotu Maks Ferstappen ikinci sessiyanın ardından liderliyi ələ keçirib.  

Bu dəfə  "Mercedes"dən Corc Rassell, "Alpin"dən Esteban Okon, "Williams"dan Aleksandr Albon, "Alfa Romeo"dan Valtteri Bottas və Albonun komanda yoldaşı Loqan Sarjent mübarizəni dayandırmalı olublar. 

17:46

"Formula 1" üzrə Azərbaycan Qran-prisində sıralama turu davam edir.

"Report"un məlumatına görə, "Ferrari" pilotu Şarl Lekler ilk sessiyanı birinci pillədə başa vurub. 

"Alfa Romeo"dan Cou Quanju, "Haas"dan Niko Hulkenberq, onun komanda yoldaşı Kevin Maqnussen, "Alpin"dən Pyer Qasli və "Alfa Tauri"dən Nik de Vris mübarizəni dayandırmalı olublar. 

17:38

"Formula 1" üzrə Azərbaycan Qran-prisində sıralama turu yenidən bərpa olunub. 

"Report"un məlumatına görə, yarış "Alpin" komandasından Pyer Qaslinin qəza törətməsi səbəbindən dayandırılmışdı. 

17:31

"Alpin" komandasından Pyer Qasli "Formula 1" üzrə Azərbaycan Qran-prisində növbəti dəfə uğursuzluqla üzləşib. 

"Report"un məlumatına görə, sıralama turunda fransalı sürücü üçüncü döngədə qəza törədib.  

Nəticədə qırmızı bayraq qaldırılıb və pilot mübarizəni sonadək davam etdirə bilməyib. 

Qeyd edək ki, Qaslinin avtomobili sərbəst yürüşdə yanmışdı. 

17:25

"Formula 1" üzrə Azərbaycan Qran-prisində sıralama turu bərpa olunub. 

"Report"un məlumatına görə, yarış "Alfa Tauri"dən Nik de Vrisin qəza törətməsi səbəbindən dayandırılmışdı. 

17:00

"Formula 1" üzrə Azərbaycan Qran-prisində sıralama turu başlayıb.

"Report"un məlumatına görə, yarış saat 17:00-da start götürüb.

Bugünkü sərbəst yürüşdə ən yaxşı nəticəni "Red Bull"dan Maks Ferstappen göstərib. "Ferrari"dən Şarl Lekler ikinci, Ferstappenin komanda yoldaşı Serxio Peres üçüncü olub.

Qeyd edək ki, aprelin 29-da "Formula 1"də sprint, aprelin 30-da isə əsas yarış təşkil olunacaq.

Son xəbərlər

Orphus sistemi