Yuxarı

Yol hərəkəti təhlükəsizliyi ilə bağlı layihə həyata keçirilib

Tədbir işıqfor və piyada keçidində praktik şəkildə davam etdirilib

Bakı. 14 iyun. REPORT.AZ/ Azərbaycan Avtomobil Federasiyası (AAF) yol hərəkəti təhlükəsizliyi ilə bağlı növbəti layihə həyata keçirib. Federasiyadan "Report"a verilən məlumata görə, "Yol hərəkəti qaydalarını öyrənək" adlı layihə nəzəri və praktiki xarakter daşıyır.

Heydər Əliyev Mərkəzində interaktiv müzakirə şəraitində keçən tədbirdə ictimai nəqliyyatda və dayanacaqda davranış qaydaları, yol nişanları, işıqfor, piyada keçidi, təhlükəsizlik kəmərindən istifadə və s. barədə məlumat verilib. Tədbir daha sonra işıqfor və piyada keçidində praktik şəkildə davam etdirilib.

Qeyd edək ki, AAF indiyədək yol hərəkəti təhlükəsizliyi ilə bağlı bir sıra sosial layihələr həyata keçirib. Təhsil Nazirliyi ilə əməkdaşlıq çərçivəsində məktəbəqədər tərbiyə müəssisələri və orta məktəblərdə “Şəkillərlə öyrən” adlı rəsm dərsləri təşkil edilib. Bu dərslərdə şagirdlər və uşaq bağçasında təlim-tərbiyə alan azyaşlılar üçün yol hərəkəti qaydalarını, onlara riayət olunmanın vacibliyini izah edən müzakirələr aparılıb, həmçinin AAF-ın təqdim etdiyi rəsmləri rəngləməklə orada təsvir olunan yol hərəkəti qaydaları öyrədilib.

Eyni zamanda federasiya yol hərəkəti təhlükəsizliyi ilə bağlı videoçarxlar hazırlayıb, televiziya kanalları, şəhər monitorları və paytaxtın bir sıra kinoteatrlarında nümayiş etdirib. Qurumun təşəbbüsü ilə yol hərəkəti təhlükəsizliyi üzrə bir sıra nəşrlər hazırlanaraq yayılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi