Kişi boksçulardan ibarət Azərbaycan milli Fransanın paytaxtı Parisdə keçiriləcək Avropa Olimpiya Təsnifat Turnirinə hazırlığını davam etdirir.
Federasiyadan "Report"a verilən məlumata görə, Umberto Orta Dominqesin rəhbərlik etdiyi yığma toplanışın növbəti hissəsini Özbəkistanda keçəcək.
Komanda Daşkənd vilayətinin Yanqiabad şəhərində bir neçə ölkənin millisi ilə təşkil olunacaq məşqlərə 6 boksçu ilə yollanacaq.
Məşqçilər korpusu Özbəkistana Avropa Olimpiya Təsnifat Turnirində Tokio-2020-yə lisenziya şansını qoruyan Cavid Çələbiyev (63 kq), Lorenzo Sotomayor (69 kq), Alfonso Dominqes (81 kq) və Məhəmməd Abdullayevi (+91 kq), Olimpiadada iştirakını təmin edən Tayfur Əliyevi (57 kq), həmçinin Kamran Şahsuvarlını (75 kq) aparmağa qərar verib.
Yanqiabada mayın 7-də gedəcək komanda ayın 23-dək orada təlim-məşq toplanışında olacaq. Ardınca Kamran Şahsuvarlı Bakıya qayıdacaq, yığma isə son hazırlıq üçün Avropa Olimpiya Təsnifat Turnirinə ev sahibliyi edəcək Fransaya yollanacaq. Boksçularımız iyunun 1-də isə Byuja kommunasında məşqlərini yekunlaşdıracaqlar.
Yarış 4 - 8 iyunda gerçəkləşəcək.
Qeyd edək ki, Avropa Olimpiya Təsnifat Turniri ötən il martın 14-də başlayıb. Lakin Böyük Britaniyanın paytaxtı Londondakı yarış üç gündən sonra koronavirus pandemiyası üzündən dayandırılıb. Azərbaycan millisinin heyətində Tayfur Əliyev 1/4 finala yüksəlməklə Olimpiadada iştirak hüququ qazanıbsa, Cavid Çələbiyevlə Lorenzo Sotomayor turnirdə çıxışını 1/8 finaldan davam etdirəcək. Onlardan fərqli, Alfonso Dominqeslə Məhəmməd Abdullayev, həmçinin Məhsəti Həmzəyeva (57 kq) və Aynur Rzayeva (75 kq) rinqə çıxmadan Londondan ayrılmışdılar.