Yeniyetmə cüdoçu: "Onunla qarşılaşsam, Rüstəm Orucovun qisasını alacağam"

Yeniyetmə cüdoçu: "Onunla qarşılaşsam, Rüstəm Orucovun qisasını alacağam" Azərbaycanın yeniyetmə cüdoçusu, 66 kq çəki dərəcəsində Asiya Kubokunun qalibi və Avropa Kubokunun bürünc mükafatçısı Abil Yusubovun "Report"a müsahibəsi
Fərdi
27 Aprel , 2022 09:30
Yeniyetmə cüdoçu: Onunla qarşılaşsam, Rüstəm Orucovun qisasını alacağam

Azərbaycanın yeniyetmə cüdoçusu, 66 kq çəki dərəcəsində Asiya Kubokunun qalibi və Avropa Kubokunun bürünc mükafatçısı Abil Yusubovun "Report"a müsahibəsi

- Əvvəlcə özünüz haqqında məlumat verin. Harada anadan olmusunuz, cüdoya necə başlamısınız? Ümumiyyətlə, bu idman növünə marağınız haradandır?

- Azərbaycanda anadan olmuşan, bura vətəndaşıyam. Cüdoya isə 6 yaşımda Ukraynada başlamışam. İlk dəfə məni bu idmana atam aparıb. Yəni, əvvəldən xüsusi marağım olmayıb. Cüdonun nə olduğunu bilmirdim (gülür). Amma məşğul olduqdan sonra sevməyə başladım.

- İlk dəfə məşqə gedəndə, idmançıların bir-birinə yerə çırpdığını görəndə qorxmadınız?

- Xeyr. Mənim özümü də 1-2 dəfə atmışdılar. Artıq öyrəşmişdim (Gülür).

- İlk məşqçiniz kim olub?

- Andrey Kroxmalyov və Vladislav Boliçevski. Kraxmaryov veteranlar arasında dünya çempionu olub. Boliçevski isə Avropa üçüncülüyünü qazanıb.

- Ukraynada hər hansı uğur qazanmısınız?

- Bəli, bir dəfə 73 kq-da ölkə çempionatında 3-cü yeri tutmuşam. Bundan başqa, Sloveniyada, Fransada keçirilmiş beynəlxalq turnirlərdə qızıl medal qazanmışam.

- Ukraynada nə vaxtdan yaşayırsınız?

- Ora köçəndə mənim 5 yaşım var idi.

- Hazırda ailəniz Ukraynadadır, yoxsa Azərbaycanda?

- Atam oradadır, biz isə qayıtdıq. Bu ildən Azərbaycan millisində çıxış edirəm və təlim-məşq toplanışlarına qatılıram. Yəni, Ukraynanı hələ müharibə başlamamış tərk etmişəm.

- Atanız ölkədəki hərbi vəziyyətlə bağlı oranı tərk edə bilmir?

- Xeyr, işləri ilə əlaqədar qalıb. Hazırda Odessadadır. Döyüşlərdə iştirak etmir. Hələlik Bakıya qayıtmaq fikri yoxdur.

- Yəqin ki, tez-tez danışırsınız. Ukraynada hazırkı vəziyyət necədir?

- Kiyev, Xarkov və Mariupula baxanda, Odessada vəziyyət pis deyil. Düzdür, yaxın vaxtlarda bir neçə raket atmışdılar. Limanı və aeroportları, şəhərin giriş-çıxışlarını vurmuşdular. Amma indi hər şey qaydasındadır.

- Necə düşünürsünüz, Ukrayna ordusu sonadək müqavimət göstərə biləcək?

- Xarici ölkələrin köməyi ilə nəsə edə bilərlər. Təbii ki, bu, mənim şəxsi fikrimdir. Hər şeyi zaman göstərəcək.

- Ümumiyyətlə, bura gəlişiniz necə baş tutdu: Sizi kimsə dəvət etdi, yoxsa özünüz gəldiniz?

- Özüm gəldim. Azərbaycan vətəndaşıyam, öz ölkəmi təmsil etmək istəyirdim. Ukraynanı təmsil etmək üçün oranın vətəndaşlığı lazım idi. Həm də özüm oranın vətəndaşlığını almaq istəmədim. Bura gələndən sonra ölkə birinciliyində 2-ci yerə çıxmışdım.

- İki ölkədə cüdoya olan münasibəti müqayisə etsək, hansında şərait daha yaxşıdır?

- Təbii ki, Azərbaycanda. Burada yeniyetmə cüdoçulara daha yaxşı baxırlar. Ukraynada isə beynəlxlaq yarışlara ancaq əsas millini aparırlar. Digərləri öz hesablarına gedirlər.

- Bu ayın əvvəlində Özbəkistanın paytaxtı Daşkənddə keçirilən Asiya Kubokunda qızıl medal qazandınız. Həmin yarışla bağlı təəssüratlarınızı bilmək maraqlı olardı...

- İspaniyadakı Avropa Kubokunda uduzmağıma baxmayaraq, ikinci dəfə şans verdilər. Ona görə də Daşkəndə motivasiyalı getmişdim. İlk görüşdən sonra hiss etdim ki, məndə alınacaq. Beləliklə, bütün rəqiblərimə qalib gəlib qızıl medal əldə etdim.

- Ən çətin rəqibiniz hansı oldu?

- İkinci görüşdə üz-üzə gəldiyim gürcüstanlı Nikoloz Tatrişvilini qeyd edərdim. Həddindən artıq güclü idmançı idi. Amma mən ondan daha güclü oldum. Çətinliklə də olsa, qələbə qazandım.

- Son olaraq, Fransanın Strasburq şəhərində keçirilmiş Avropa Kubokunda 3-cü yeri tutdunuz. Qızıl medal üçün nə çatmadı?

- Yarımfinal görüşündə səhvə yol verdim. Qayda pozuntusuna görə cəza xalı ilə uduzdum.

- Ən böyük hədəfiniz nədir?

- Böyüklər arasında olimpiya çempionu olmaq istəyirəm. Bu cür davam etsəm, arzumu reallaşdıra bilərəm. Kimsə olimpiya çempionu olubsa, mən niyə olmayım?

- Kumiriniz kimdir?

- Kumirim yaponiyalı ikiqat olimpiya və altıqat dünya çempionu Şohei Onodur.

- Bəs, Azərbaycan cüdoçuları arasında kimi bəyənirsiniz?

- Rüstəm Orucovu. Onun texnikası çox xoşuma gəlir.

- Yəqin bilirsiniz ki, 73 kq-da çıxış edən Rüstəm Orucovun əsas rəqibi məhz Onodur. Orucov indiyədək yaponiyalı ilə hər iki dueldən məğlub ayrılıb...

- Ono ilə qarşılaşmaq imkanım olsa, Orucovun qisasını alacağam (gülür).

Son xəbərlər

Orphus sistemi