Vətən müharibəsi şəhidi, "Vətən uğrunda" və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif olunmuş Ülvü Məmmədovun xatirəsinə onlayn şahmat üzrə Beynəlxalq Zəfər Kubokunun qalibləri mükafatlandırılıb.
"Report"un məlumatına görə, Bakı şəhər Gənclər və İdman Baş İdarəsi, Azərbaycan İdman Jurnalistləri Federasiyası, Quba rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı və Azərbaycan Şahmat Federasiyasının dəstəyi ilə tədbir karantinlə əlaqədar məhdud çərçivədə gerçəkləşib. Mərasimə təşkilatçılarla yanaşı, 8, 10, 12 yaşadək, qızlar və böyüklər arasında mübarizəni birinci pillədə başa vuran şahmatçılar qatılıblar.
Tədbirdən əvvəl şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Baş İdarə rəisi Raqif Abbasov çıxışında ilk olaraq Vətən müharibəsi şəhidi Ülvü Məmmədov haqqında məlumat verib. O, ikili hisslər keçirdiklərini bildirib: "Mən bu məlumatları oxuyarkən qürurlanıram ki, Azərbaycanın belə övladları var. Eyni zamanda hamımıza təsir edir ki, ölkəmiz igid övladlarını itirdi. Vətən müharibəsi tarixi hadisə ilə yekunlaşdı. Ali Baş Komandanın rəhbərliyi ilə, şəhidlərimizin qanı və canı, qazilərimizin qanı bahasına torpaqlarımızı işğaldan azad etdik. İndi hər birimizin üzərinə çox böyük məsuliyyət düşür. Biz müstəqilliyimizi, ərazi bötövlüyümüzü göz bəbəyimiz kimi qorumalıyıq".
Abbasov daha sonra qaliblərə müraciət edib: "Pandemiyadan sonra Azərbaycanı müxtəlif beynəlxalq yarışlarda təmsil edəcəksiniz. Bu yarışdakı iştirak isə bir az fərqlidir. Çünki şəhidimizin xatirəsinə həsr edilib. Şəhidin xatirəsinə həsr edilən turnirdəki diplom və mükafat ümidvarıq ki, sizin evinizdə mükafatlar arasında xüsusi yer tutacaq. Vaxt gələcək, bu diplomun sizin həyatında xüsusi önəmi olacaq".
Qabil Mehdiyev çıxışında şəhid Ülvü Məmmədovun atası Vüqar Məmmədovun da idman jurnalisti olduğunu xatırladıb. O, şəhidin xatirəsinə keçirdikləri ilk turnirin qaliblərini təbrik edərək, bu yarışın ənənəvi olacağını söyləyib: "Siz də Zəfər Kubokunun qalibi biz olmuşuq" deyə xatırlayacaqsınız".
Quba rayon Gənclər və İdman İdarəsinin rəisi Mustafa Nöhbalayev isə şəhid Ülvü Məmmədovun ailəsi ilə çoxdan tanış olduqlarını söyləyib. O, 44 günlük Vətən müharibəsində dünyasını dəyişənlərin hər birinə, o cümlədən Quba rayonunun 48 şəhidinin ailəsinə başsağlığı verib.
Turnirin baş hakimi Fidan Talıbova bildirib ki, şəhid Ülvü Məmmədovun xatirə turniri iştirakçı sayı baxımından fərqlənən yarışlardan olub: "Turnirə Türkiyə, Gürcüstan və İrandan, həmçinin Azərbaycanın tək Bakı yox, digər regionlarından da ümumilikdə 118 şahmatçı qatıldı. Hazırda birinci yeri tutanlar burada əyləşib. Pandemiya bitdikdən sonra bu turnirlərimiz canlı şəkildə keçiriləcək və ənənəvi olacaq".
Vətən müharibəsi şəhidi Ülvü Məmmədovun əmisi, idman jurnalisti Elşən Məmmədov isə yarışa yüksək marağın olması ölkədə idmana, o cümlədən şahmata göstərilən diqqətlə yanaşı, şəhid adına verilən yüksək qiymətin təzahürüdür: "Ülvü Məmmədovun timsalında bütün şəhidlərimizin xatirəsinə turnirlərin təşkilində Bakı şəhər Gənclər və İdman Baş İdarəsi xüsusi fəallıq göstərdi. Biz, demək olar ki, hər gün, hər həftə Vətən müharibəsi şəhidlərinin xatirəsinə müxtəlif turnirlərin keçirildiyinə şahid olurduq. Beynəlxalq Zəfər Kubokunun təşkilində, Quba rayon Gənclər və İdman İdarəsi ilə İdarə Heyətində təmsil olunduğum AİJF də yaxından iştirak etdi. Dəstəkçilər arasında Azərbaycan Şahmat Federasiyası da var idi. Ötən gün ilaxır çərşənbə idi, şəhidin ailəsində bu, qara bayram kimi qeyd olunurdu. Valideynləri və qardaşı üzürlü səbəbdən, bugünkü mükafatlandırmaya qatıla bilməsələr də, onların adından təşəkkürlərimi çatdırmağı xahiş ediblər".
Ardınca yarışın qalibləri təltif edilib. Şahmat turnirinin nəticəsinə əsasən, ümumi hesabda Kənan Qarayev, qızlar arasında isə Şəms Fərzəli birinci yeri tutublar. Müxtəlif yaş kateqoriyalarında Əsnad Baxışzadə (U-8), Suat İbrahimli (U-10), Yunis Mahmudzadə (U-12) ilk pillələrdə qərarlaşıblar. Onlara plaket, pul mükafatı və AİJF-nin nəşri olan "Redaktor" kitabı təqdim olunub.
Sonda xatirə şəkili çəkilib.
Qeyd edək ki, əslən Quba rayonunun Alekseyevka kəndindən olan Ülvü Məmmədov Vətən müharibəsindən bir həftə öncə təlimlərə qoşulub. O, Füzuli, Cəbrayıl və Xocavənd rayonlarının azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Ü.Məmmədov oktyabrın 21-də Xocavənd rayonu ərazisində gedən şiddətli döyüşlər zamanı qəhrəmancasına həlak olaraq şəhidlik zirvəsinə ucalıb. Prezident İlham Əliyevin sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.
Beynəlxalq Zəfər Kuboku Bakı şəhər Gənclər və İdman Baş idarəsi, Quba Gənclər və İdman İdarəsi, Azərbaycan İdman Jurnalistləri Federasiyasının təşkilatçılığı, Azərbaycan Şahmat Federasiyasının dəstəyi ilə keçirilib.