Vətən müharibəsi şəhidinin xatirəsinə beynəlxalq yarış başladı

Vətən müharibəsi şəhidinin xatirəsinə beynəlxalq yarış başladı Zəfər Kubokunun qalibi mükafatlandırılacaq və xaricdəki yarışa ezam olunacaq
Fərdi
12 Fevral , 2021 19:00
Vətən müharibəsi şəhidinin xatirəsinə beynəlxalq yarış başladı

Vətən müharibəsi şəhidi Ülvü Məmmədovun xatirəsinə həsr olunmuş onlayn şahmat üzrə beynəlxalq Zəfər Kubokunun açılış mərasimi olub.

"Report"un məlumatına görə, onlayn formatda keçirilən tədbirdə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, AİJF prezidenti Qabil Mehdiyev, şəhidin əmisi, qurumun İdarə Heyətinin üzvü Elşən Məmmədov, Quba Rayon Gənclər və İdman İdarəsinin rəisi Mustafa Nöhbalayev, beynəlxalq qrossmeyster Vasif Durarbəyli, şəhidin qardaşı Fərid Məmmədov, yarışın baş hakimi Fidan Talıbova və şahmatçılar iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Q.Mehdiyev bildirib ki, Vətən müharibəsində itirdiyimiz şəhidlər arasında idmançılar da az olmayıb. O, şəhidlərin adlarını uca tutmağa çalşdıqlarını söyləyib: "Qubada Ülvü Məmmədovun məzarını ziyarət etdik. Ailəsi ilə görüşdük. Atası Vüqar Məmmədov idman jurnalisti olduğundan qərara gəldik ki, şəhidimizin xatirəsini əbədiləşdirmək üçün turnir təşkil edək. Bu təşəbbüs yüksək qiymətləndirildi. Turniri ənənəvi etmək istəyirik".

Zəfər Kubokunda əcnəbi şahmatçıların da iştirak etdiklərini xatırladan R.Abbasov bütün qrossmeysterlərə uğurlar arzulayıb: "Hər bir şəhidin xatirəsi bundan sonra da əziz tutulacaq. Ali Baş Komandamız Cənab Prezidentimiz çıxışlarında bildirib ki, şəhid, qazi ailələri ən hörmətli ailələrdir. Bundan sonra Azərbaycanın idman həyatında bu cür yarışların çox olmasına çalışacağıq. Şahmat intellektual idman növüdür. Dünya səviyyəsində yüksək əmsallı şahmatçılarımız var. Onların bundan sonra da Vətənimizi layiqincə təmsil etmələrini istəyirəm. Üzərinizdə zəhməti olan hər kəsə minnətdarlığımı bildirirəm".

Baş İdarə rəisi Ülvü Məmmədovun anadan olduğu Qubanın Alekseyevka kəndinə onun adının verilməsinin müsbət hal olacağını vurğulayıb: "Bu cür təşəbbüslər şəhidin ailəsi üçün kiçik təsəllidir. Valideyn üçün övlad itkisi çox ağırdır. Amma belədə onlar bir az daha gümrah olurlar. Şəhidimiz Alekseyavka kəndindəndir. Hesab edirəm ki, inzibati resursda kəndə milli adın verilməsi üzərində düşünülər və həmin ərazinin adı şəhidlərin adı ilə bağlı olar. Bundan sonra da bu cür yarışlar olacaq, orada gənc şahmatçılar iştirak edəcəklər. Amma şəhidin adına olan yarışda iştirak fərqlidir. Burada siz hamınız qalibsiniz. Çünki onlar öz qanları hesabına torpaqlarımızı azad ediblər. Onu da əlavə edim ki, turnirin qalibi sərhədlər açılandan sonra xaricə ezam olunacaq. Baş idarə ezamiyyə xərcini üzərinə götürür. Bu da rəqabətin artırılması üçündür".

Böyük bir tədbirin açılış mərasiminə yığışdıqlarını bildirən M.Nöhbalayev bu rayonun Vətən müharibəsində 48 şəhid verdiyini xatırladıb: Onların hər biri üçün müxtəlif tədbirlər keçirməyi planlaşdırırıq. Bu gün gənc şahmatçılarımıza baxıb fəxr edirəm. Onlar gələcəkdə Azərbaycanı təmsil edəcəklər. Ülvü Məmmədovun ailəsi mənə şəxsən yaxındır. Atası Vüqar Məmmədov həm də məşqçi və hakimdir. Bu ailəni özümə yaxın hiss edirəm. Onlara başsağlığı verirəm. Başları uca olacaq ki, Ülvü kimi övlad yetişdiriblər. Vətənin azadlığı uğrunda canından keçib. Biz də onlara öz borcumuzu yerinə yetirməyə çalışacağıq. Elə etməliyik ki, şəhid ailələri, qazilər özlərini yalnız hiss etməsinlər. Bu turnirin təşkilatçılığına görə Qabil Mehdiyevə təşəkkür edirəm. Ülvünün timsalında öz canından keçən bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Onların qarşısında öz borcumuzu yerinə yetirməyə söz veririk. Bu turnirdə iştirak edəcək şahmatçılara uğurlar arzu edirəm".

Yarışın təşkilatçılarına təşəkkür edən V.Durarbəyli isə bildirib ki, şəhidin xatirəsi hər zaman yüksək tutulacaq: "Emosional anlardır. İlk dəfə belə bir açılışda iştirak edirəm. 3 minə yaxın şəhid öz qanları, canları bahasına bizə rahat danışmaq imkanı yaratdı. Ömürboyu onlara minnətdar olmalıyıq. Hər şəhid bir ailənin çırağı idi. Biz o ailələri tam başa düşə bilmərik. Amma başlarını dik tutsunlar. Onlara hər cəhətdən kömək etməliyik. Vətən uğrunda ölüm mərd üçün fərəhdir. İnanıram ki, yeniyetmələr tarixi unutmayacaqlar. Təsəlli vermək çətindir. Amma ümid edirəm ki, yetkinlik yaşına çatmış hər kəs şəhidlərin ruhunu şad etmək üçün əlindən gələni əsirgəməyəcək. Bütün iştirakçılara uğurlar arzu edirəm. Ümid edirəm ki, bu cür turnirlər davamlı olacaq və gənclərin yetişməsinə xidmət edəcək".

E.Məmmədov tədbir iştirakçılarına belə bir turnirin təşkilinə töhfə verdikləri üçün şəhid ailəsi adından minnətdarlığını bildirib: "Xüsusilə Raqif müəllimə minnətdaram ki, çox qısa vaxtda bu yarışın baş tutması yönündə önəmli iş gördü. Əvvəlcə yarışın qısa arealı əhatə edəcəyi görünürdü. Amma turnirdə İran, Türkiyə və Gürcüstan şahmatçlarının da iştirak edəcəyini biləndən sonra qərara aldıq ki, bu, beynəlxalq Zəfər Kuboku adlandırılsın. Şahmat federasiyası da dəstək verdi. Qalibə pul mükafatı və kubok təqdim ediləcək. Daha yüksək səviyyəli yarış olmasını istərdik. Amma qısa müddətdə böyük işə nail olmuşuq".

Şəhidin əmisi Alekseyevka kəndinə şəhidin adının verilməsinin önəmini qeyd edib: "Ülvü 44 günlük müharibədə kəndin yeganə şəhididir. Sakinlərlə də görüşdük, onlar da çox istəklidir. Kənddə rus ailəsi yaşamadığı halda, Alekseyevka adının saxlanılması bir qədər qəribədir. Kəndin adının dəyişdirilməsi üçün müraciət olunub. Niyə də Ülvünün adını daşımasın?! İnanırıq ki, müvafiq qurumlar buna müsbət cavab verəcəklər. Hər şəhidin xatirəsi rayon rəhbərliyi səviyyəsində əziz tutulur. Şəxsən Quba rayon icra hakimiyyətinin başçısı Ziyəddin Əliyevin şəhid ailələri və qazilərlə görüşlərinin şahidi olmuşam. Bu, onlara qarşı diqqət və qayğının göstəricisidir".

Sonda çıxış edən Zəfər Kubokunun baş hakimi Fidan Talıbova tədbir iştirakçılarını qaydalarla tanış edib: "Allah bütün şəhidlərimizə rəhmət eləsin. Turnir qısa zamanda təşkil edildi. İştirakçı sayını çalışdığımız qədər artırmağa çalışdıq. Son məlumata görə, 99 iştirakçı qeydiyyatdan keçib. Onların 10-dan çoxu Türkiyəni, 2-si Gürcüstanı, 9-u isə İranı təmsil edir. İsveçrə sistemi ilə keçiriləcək turnir 7 turdan ibarətdir. Onlayn turnirdə nəticələrin yoxlanılması olacaq, qaliblər haqqında məlumat veriləcək. Yarışda 4 qat Bakı, 2 qat Azərbaycan çempionu, blits üzrə dünya çempionu Kənan Qarayev də iştirak edir. Bu, gənclər üçün də yaxşı fürsətdir".

Qeyd edək ki, əslən Quba rayonunun Alekseyevka kəndindən olan Ülvü Məmmədov Vətən müharibəsindən bir həftə öncə təlimlərə qoşulub. O, Füzuli, Cəbrayıl və Xocavənd rayonlarının azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Ü.Məmmədov oktyabrın 21-də Xocavənd rayonu ərazisində gedən şiddətli döyüşlər zamanı qəhrəmancasına həlak olaraq şəhidlik zirvəsinə ucalıb. Prezident İlham Əliyevin sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib. Beynəlxalq Zəfər Kuboku Bakı şəhər Gənclər və İdman Baş idarəsi, Quba Gənclər və İdman İdarəsi, Azərbaycan İdman Jurnalistləri Federasiyasının təşkilatçılığı, Azərbaycan Şahmat Federasiyasının dəstəyi ilə keçirilir.

Son xəbərlər

Orphus sistemi