Yuxarı

Vasif Durarbəyli:"Bizim üçün uğur ilk “Onluğ”a düşmək olacaq"

Reytinqə görə 28-ciyik

Bakı. 4 sentyabr. REPORT.AZ/ Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasının üçüncü turunda ikinci millimiz Hindistan komandasına məğlub olub 1:3. "Report" xəbər verir ki, birinci lövhədə yarışan Vasif Durarbəyli Hindistan yığmasının üzvü Pentala Harikrişna ilə heç-heçəyə razılaşıb.

Partiyadan sonra keçirilən mətbuat konfransında Vasif Durarbəyli rəqibin zəif olmadığını söyləyib: “Rəqibim güclü qrossmeyster idi. Hər şey plana uyğun idi. Təssüf ki, Harikrişna səhv etmədi. Ona görə də görüş heç-heçə tamamlandı. Yekunda son şans olaraq rəqibə tələ qursam da, o, aldanmadı.

Birinci tur da mənim üçün uğurlu keçməmişdi. Mozambik şahmatçısı ilə görüşdə 1 səhv etdim və yekunda heç-heçə qeydə alındı. Halbuki bir piyada üstün idim. İlk günlər çətinliklər oldu. Amerikadan gəldiyim üçün saat fərqinə uyğunlaşmaq üçün vaxt lazım idi”.

Amerikada təhsil alan şahmatçımız təhsil və idmanla eyni vaxtda məşğul olmağın çətinliyindən söz açıb: “Dərslə şahmat eyni vaxtda asan alınmır. Azərbaycana gəldikdən sonra kapitanımız ev tapşırıqlarını yerinə yetirməyə imkan vermir. Geri qayıtdıqdan sonra gecə-gündüz oxuyacağam ki boşluğu aradan qaldırım”.

Durarbəyli birinci löhvədə mübarizə aparmasının səbəbini belə açıqlayıb: “Reytinqə görə mən komandada ikinciyəm. Lakin belə qərara alındı ki, ilk lövhədə mübarizə aparım. Çünki güclülərə qarşı yaxşı oynayıram, zəiflərə qarşı pis. Məqsədim mümkün qədər çox xal toplamaqdı. Ən pis halda, güclü şahmatçılarla heç-heçə etməliyəm”.

Qrossmeyster olimpiadada ikinci milli komandamızın məqsədi barədə bunları söyləyib: “Reytinqə görə 28-ciyik. İlk “20-lik”də yer almağımız realdı. Amma bu nəticəni uğur yox, uğursuzluq hesab edəcəyəm. Bizim üçün uğur ilk “10-luğ”a düşmək olar”.

Şahmatçımız gələcək planları ilə bağlı yekun qərar qəbul etmədiyini bildirib: “ABŞ-da iqtisadiyyatı öyrənirəm. Gələcək planlarımla bağlı qərar qəbul etməmişəm. Dərslər çox vaxt aparır. Vaxtım olanda şahmatla məşğul oluram. Orada da güclü oyunçular var. Vyetnamın bir nömrəsi mənim otaq yoldaşımdı. Qrossmeysterlər çoxdur. Sent Luis şahmat üçün uğurlu yerdi”.

Vasif Durarbəyli şahmatçılarımızın olimpiadadan öncə ölkə prezidenti İlham Əliyevlə görüşündə yaşanan maraqlı hadisədən də danışıb: “Cənab prezidentlə görüşümüz zamanı sıra mənə çatanda dövlət başçımız soruşdu ki sən də şahmatçısan? Dedim, bəli. Prezident İlham Əliyev “Şahmatçıdan çox güləşçiyə oxşayırsan” dedi. Bəlkə də çoxunuz bilmisiniz ki, daha əvvəl cüdo ilə məşğul olmuşam. Amma ümidlərim çox tez puç olub. Mozambiklə ilk turdakı görüşdə heç-heçə etdikdən sonra düşündüm ki, cənab prezidentimiz haqlı idi”.

Sonda Durarbəyli ikinci komandamızın kapitanı Emil Sutovski barədə sualı cavablandırıb: “Sutovski neçə ildir bizimlə birgə “Odlar Yurdu”ndan çalışır. Bir-birimizi çox yaxşı tanıyırıq. Qərarları o qəbul edir. Lakin bizim fikirlərimizə də hörmətlə yanaşır”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi