Yuxarı
    Bağlamaq

    Ümumdünya Taekvondo Federasiyası Azərbaycan təmsilçilərini mükafatlandırıb

    Ən yaxşı milli federasiya adına Azərbaycan Taekvondo Federasiyası sahib çıxıb

    Bakı. 12 dekabr. REPORT.AZ/ Bakıda Ümumdünya Taekvondo Federasiyasının (WTF) Qala Gecəsi keçirilib. "Report"un məlumatına görə, "Badamdar Hotel"də təşkil olunmuş mərasimdə müxtəlif nominasiyalar üzrə mükafatlar təqdim olunub, Taekvondo Humanitar Fondu (THF) yaradılıb.

    WTF prezidenti Çunqvon Çu tədbirdə iştirak edən gənclər və idman naziri Azad Rəhimovu 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında taekvondoçu Radik İsayevin qızıl medal medal qazanması münasibətilə təbrik edib. O, həmçinin Cibutinin ali quruma 207-ci tamhüquqlu üzv kimi qoşulduğunu bəyan edib. Ali qurumun rəhbəri "Tokio-2020" olimpiadasında taekvondo yarışlarının yeni qaydalarla keçiriləcəyini bildirib. O, dəyişiklərin taekvondonu döyüş növləri arasında yaxşıların yaxşısı kimi nümayiş etdirəcəyinə inam ifadə edib.

    WTF-nin vitse-prezidenti və Azərbaycan Taekvondo Federasiyasının prezidenti Kəmaləddin Heydərov Çunqvon Çudan xüsusi mükafat alıb. K.Heydərov Qran Prinin final mərhələsinin və komandalararası dünya çempionatının Bakıda keçirilməsinə qərar verdiyi üçün koreyalı qonağa minnətdarlığını bildirib. Nazir Azad Rəhimov da WTF prezidentindən diplom alıb.

    Daha sonra müxtəlif nominasiyalar üzrə qaliblər açıqlanıb. İlin ən yaxşı qadın taekvondoçusu adına böyük britaniyalı ikiqat olimpiya çempionu Ceyd Cons sahib çıxıb.

    İlin kişi taekvondoçusu nominasiyasında İordaniyaya tarixində ilk dəfə olimpiya "qızıl"ı qazandırmış Əhməd Abuqauş fərqlənib.

    İlin qadın hakimi gürcüstanlı Mariya Merkuri, kişi hakimi Kanadanı təmsil edən Son-Çul Kim olub.

    Ən yaxşı milli federasiya adına Azərbaycan Taekvondo Federasiyası sahib çıxıb. Mükafatı federasiyanın icraçı vitse-prezidenti Nağı Səfərov alıb.

    İlin ən yaxşı zərbəsi mükafatına "Rio-2016"da 80 kq çəki dərəcəsindəki final görüşündə Böyük Britaniyadan olan Məhəmməd Lutalonun başına zərbə endirərək, qızıl medal qazanmış Kot dİvuar taekvondoçusu Şeyk Salleh Cunior Sisse layiq görülüb. O, tədbirdə iştirak etməyib.

    İlin məşqçisi nominasiyasında Azərbaycan millisinə rəhbərlik edən iranlı Reza Mehmandust qalib olub.

    Sonda WTF-nin "Lövhələri qırın, həyatınızı dəyişdirin" devizi altında qaçqınlara yardım məqsədilə yaratdığı Taekvondo Humanitar Fonduna köçürmələr edilib. A.Rəhimov və K.Heydərov Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi, eləcə də Azərbaycan Taekvondo Federasiyası adından fonda 30 min dollar köçürüblər. Çunqvon Çu özü və WTF əməkdaşları adından 10 min dollar ödəyib. Eyni məbləği Rusiya Taekvondo Federasiyası adından Anatoli Teryoxov verib. WTF baş katibi Hoss Rafati 5 min dollar, Hakimlər Komitəsinin sədri Çakır Çelbat isə 4,5 min dollar söz verib.

    Tədbir şam yeməyi və musiqiçilərin ifaları ilə davam etdirilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi