Ukrayna səfiri: “Dinamo”nun Bakıda yoldaşlıq görüşü keçirməsi planlaşdırılır”

Ukrayna səfiri: “Dinamo”nun Bakıda yoldaşlıq görüşü keçirməsi planlaşdırılır” “Bu il planlayırdıq, amma alınmadı, növbəti il çalışacağıq ki, Kiyev “Dinamo”sunun Bakıya səfərini təşkil edək və burada sizin güclü komandalarınızdan biri ilə yoldaşlıq görüşü keçirək”.
Fərdi
21 Oktyabr , 2022 15:13
Ukrayna səfiri: “Dinamo”nun Bakıda yoldaşlıq görüşü keçirməsi planlaşdırılır”

“Bu il planlayırdıq, amma alınmadı, növbəti il çalışacağıq ki, Kiyev “Dinamo”sunun Bakıya səfərini təşkil edək və burada sizin güclü komandalarınızdan biri ilə yoldaşlıq görüşü keçirək”.

Bunu “Report” açıqlamasında “Mingəçevir Reqatası”nın açılış mərasimində iştirak edən Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski deyib.

Səfir qeyd edib ki, bununla bağlı ideya olsa da, reallaşdırmaq üçün müəyyən maneələr çıxıb: “Azərbaycan çempionu “Qarabağ” kimi, “Dinamo” da Avropa Liqasında yaxşı çıxış edir. Ona görə mövsüm ərzində müvafiq vaxt tapa bilmədik. Amma növbəti il bunu reallaşdırmağa çalışacağıq”.

Ukraynalı diplomat daha əvvəl də Azərbaycanın işğaldan azad olunmuş ərazilərində səfərdə olduğunu bildirib: “Təxminən bir il əvvəl, səhv etmirəmsə iyun ayında Azərbaycanda akkreditasiya olunmuş digər ölkələrin səfirləri ilə birlikdə burada olmuşdum. İndi görürəm ki, beynəlxalq yarış təşkil olunur, infrastruktur yaradılır. 1.5-2 il əvvələ baxanda görmək olar ki, bu müddətdə fantastik işlər aparılıb. İşğaldan azad olunan digər torpaqlarda bir neçə dəfə də olmuşam. Daha əvvəl Ağdama da səfər etmişik. Mənə bu ərazilərin turizm potensialı, relyefi maraqlı idi. Görürəm ki, bu potensialdan kifayət qədər yaxşı istifadə edirsiniz”.

V. Kanevski Ukraynanın yarışda az idmançı ilə təmsil olunmasına da aydınlıq gətirib: “Biz hazırda müharibə şəraitində olan ölkəyik. Ona görə də bu yarışa geniş tərkibdə qatıla bilmədik. Amma heyətimiz kiçik olsa da, bu gün təmsilçimiz 4-cü yer tutdu. Hələ qarşıdakı iki gün ərzində Mingəçevirdə də yarışlar olacaq. Düşünürəm ki, bu yarışda iştirak bizim idmançılarımız üçün həm idman təcrübəsi, həm də qonaqpərvər, qardaş Azərbaycanla tanış olmaq baxımından çox vacib fürsətdir”.

Səfir gəncliyində idmanla məşğul olduğunu da xatırladıb: “İdmanın konkisürmə növü ilə məşğul olurdum. Çünki Kiyevdəki evimiz buz arenasına yaxın idi. İdman ustası dərəcəm də var”.

Son xəbərlər

Orphus sistemi