Türkiyə Milli Olimpiya Komitəsinin (TOK) Ədalətli Oyunlar Komissiyası “Ədalətli Oyun” mövzusunda üçüncü Dünya “Ədalətli Oyun” fotomüsabiqəsinə start verib.
Azərbaycan Milli Olimpiya Komitəsinin Ədalətli Oyunlar Komissiyasından "Report"a verilən məlumata görə, müsabiqə üçün şəkillər 2024-cü il dekabrın 31-dək qəbul ediləcək.
Müsabiqədə həvəskar və peşəkar fotoqraflar “Ədalətli Oyun” mövzusunda fotolarını təqdim etməlidirlər. Əvvəllər nəşr olunan və ya nümayiş etdirilən, müsabiqəyə verilən fotoşəkillər müsabiqəyə qəbul olunmayacaq.
Fotolar iştirakçının özünə aid olmalıdır. Tamamilə və ya qismən digər mənbələrdən olan şəkillərin istifadəsi zamanı müəllif hüquqlarının pozulması halları ilə əlaqədar hüquqi məsələlər üzrə məsuliyyəti iştirakçı daşıyacaq.
Şəkil müsabiqəyə təqdim edilərkən iştirakçının və ya təmsil etdiyi qurum barədə məlumat (ad soyad, telefon və e-mail) qeyd olunmalıdır.
Qaliblər 2025-ci il fevralın 16-da Türkiyə Olimpiya Komitəsinin rəsmi vebsaytı vasitəsilə (www.olimpiyat.org) elan olunacaq.
Qaliblər (ilk 5 yer) “Ədalətli Oyunlar” lövhəsi, iştirak sertifikatı və pul mükafatı ilə təltif ediləcəklər.
1-ci yer: 3000 ABŞ dolları
2-ci yer: 1500 ABŞ dolları
3-cü yer: 1000 ABŞ dolları
4-cü yer: 300 ABŞ dolları
5-ci yer: 300 ABŞ dolları
Qeyd edək ki, ilk 5 yerin şəkilləri ilə yanaşı, münsiflər heyəti tərəfindən təyin ediləcək 30 şəkil TOK 3-cü Dünya "Ədalətli Oyunlar" foto müsabiqəsinin albomunda dərc olunacaq.