Tokio-2020: Hacı Əliyev finala yüksəlib, Şərifov təsəlliverici görüşə qatılacaq
- 06 avqust, 2021
- 09:51
Azərbaycanın sərbəst güləşçisi Şərif Şərifov Tokio-2020 Yay Olimpiya Oyunlarında təsəlliverici görüşdə iştirak edəcək.
"Report"un məlumatına görə, 97 kq çəki dərəcəsində çıxış edən idmançını 1/8 finalda məğlub edən Rusiya Olimpiya Komitəsinin təmsilçisi Abdulrəşid Sadullayev finala adlayıb.
Bu, Şərifovun avqustun 7-də təsəlliverici qarşılaşmaya qatılmasına şərait yaradıb. Təcrübəli güləşçi təsəlliverici görüşdə Elizbar Odikadze (Gürcüstan) ilə münasibətlərə aydınlıq gətirəcək. Pəhləvan qalib gəlsə, bürünc medal uğrunda kubalı Reineris Salas Perezlə görüşəcək.
13:38
Azərbaycanın sərbəst güləşçisi Hacı Əliyev Tokio-2020 Yay Olimpiya Oyunlarında növbəti görüşünü keçirib.
"Report"un məlumatına görə, 65 kq çəki dərəcəsində çıxış edən 30 yaşlı idmançı yarımfinalda hindistanlı Bacranq Puniya ilə üz-üzə gəlib.
Rəqibinə 12:5 hesabı ilə qalib gələn Hacıyev finala vəsiqə qazanıb və ən azı gümüş medalı təmin edib. O, qızıl medal uğrunda qarşılaşmada yaponiyalı Takuto Otoquro ilə qarşılaşacaq. Medal görüşləri sabah gerçəkləşəcək.
08:10
Azərbaycanın sərbəst güləşçisi Hacı Əliyev Tokio-2020 Yay Olimpiya Oyunlarında növbəti görüşünü keçirib.
"Report"un məlumatına görə, 65 kq-da çıxış edən idmançı 1/4 final mərhələsində qazaxıstanlı Daulet Niyazbekovla üz-üzə gəlib.
Rəqibinə 9:1 hesabı ilə qalib gələn Əliyev yarımfinala vəsiqə qazanıb. O, bu raundda hindistanlı Bacranq Puniya ilə güləşəcək.
Əliyev daha əvvəl seneqallı Adama Diattanı məğlubiyyətə uğradıb.
07:15
Azərbaycanın daha bir sərbəst güləşçisi Hacı Əliyev Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.
"Report"un məlumatına görə, 65 kq-da çıxış edən idmançı 1/8 final mərhələsində seneqallı Adama Diatta ilə üz-üzə gəlib.
Rəqibinə 4:0 hesabı ilə qalib gələn Əliyev 1/4 finala vəsiqə qazanıb. O, bu raundda qazaxıstanlı Daulet Niyazbekovla güləşəcək.
06:29
Azərbaycanın sərbəst güləşçisi Şərif Şərifov Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb.
"Report"un məlumatına görə, 97 kq çəki dərəcəsində çıxış edən idmançı 1/8 finalda Rusiya Olimpiya Komitəsinin təmsilçisi Abdulrəşid Sadullayevlə üz-üzə gəlib.
Şərifov rəqibinə 0:5 hesabı ilə uduzub. Sadullayev finala yüksəlsə, Azərbaycan güləşçisi təsəlliverici görüşə qatılacaq.