Yuxarı

Təşkilat Komitəsi Ümumdünya Şahmat Olimpiadasının keçiriləcəyi məkanda olub

Yarışın təşkilatçılığı ilə bağlı müzakirələr aparılıb

Bakı. 1 mart. REPORT.AZ/ Bakıda keçiriləcək 42-ci Ümumdünya Şahmat Olimpiadasının hazırlıq işləri ilə əlaqədar Təşkilat Komitəsi yarışın keçiriləcəyi "Crystal Hall"da olub. Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, baş nazirinin birinci müavini, Bakı Şahmat Olimpiadasının Təşkilat Komitəsinin sədri Yaqub Eyyubov, gənclər və idman naziri Azad Rəhimov, Azərbaycan Şahmat Federasiyasının (AŞF) vitse-prezidenti, Bakı Şahmat Olimpiadasının Əməliyyat Komitəsinin direktoru Mahir Məmmədov, eləcə də AŞF-nin vitse-prezidenti Faiq Həsənovun iştirak etdiyi görüşdə yarışın təşkilatçılığı ilə bağlı müzakirələr aparılıb.

Təşkilat Komitəsi yarış zalının tərtibatı, media mərkəzinin yerləşəcəyi məkan, olimpiada vaxtı arenada təhlükəsizlik tədbirləri və digər vacib məsələlər barədə fikir mübadiləsi aparıb. Görüşdə, həmçinin olimpiada vaxtı tamaşaçıların arenaya rahat daxil olmasını təmin etmək məqsədi ilə könüllülərin xidmətindən istifadə olunacağı vurğulanıb.

Qeyd edək ki, Bakıda təşkil olunacaq Ümumdünya Şahmat Olimpiadası sentyabrın 1-də start götürəcək və 14-də başa çatacaq. Azərbaycanda ilk dəfə baş tutacaq yarış "Crystal Hall"da keçiriləcək. Olimpiada günlərində paytaxtda həm də FİDE (Beynəlxalq Şahmat Federasiyası) Konqresinin növbəti iclası olacaq. Bakı Şahmat Olimpiadasında 180-ə yaxın ölkədən 2500-dək şahmatçı, məşqçi və rəsmi şəxslərin iştirakı gözlənilir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi