"İçimdə ermənilərə qarşı elə bir hirs, kin var ki, onlara məğlubiyyəti həzm edə bilmərəm. Fikrimcə, yarışdan qovulmaq bahasına olsa belə, özümü idarə etmək çətin olar".
"Report"un məlumatına görə, bunu Azərbaycanın yunan-Roma güləşçisi Taleh Məmmədov Serbiyanın paytaxtı Belqraddakı dünya çempionatında Ermənistan təmsilçisi Qraçya Poqosyana 10:4 hesabı ilə qalib gəldiyi bürünc medal görüşü barədə danışarkən deyib.
63 kq-da fəxri kürsünün 3-cü pilləsinə qalxan 33 yaşlı idmançı bildirib ki, qarşılaşmadan öncə həyəcanlı olsa da, daha sonra sakitləşib: "Məşqçilər sağ olsunlar, məni yaxşı hazırladılar. Döşəyə çıxdım, Allah məni utandırmadı. Ermənilər bizim həm döyüş meydanında, həm də idmanda düşmənimizdir. Şükürlər olsun, indiyədək onlara uduzmamışam. Bu dəfə də belə oldu. Sonadək Ermənistan təmsilçisinə məğlub olmasam, idmandan başıdik gedəcəyəm. Erməni üzərində qələbəmi komandirim şəhid Elçin Mansurovun xatirəsinə, həmçinin anama həsr edirəm".
Məmmədov rəqibə qarşı tətbiq etdiyi 5 xallıq fəndi də şərh edib: "Bu cür fəndləri gənc yaşlarımda tez-tez edirdim. Sadəcə, həmin vaxt dünya və Avropa çempionatlarından kənarda qaldığım üçün bunlar gözə çarpmırdı. Təlim-məşq toplanışlarında bu fəndlərin üzərində işləyirdim. Rəqibi yerdən qaldıranda hesabda önə keçmək istəyirdim. Düşünürdüm ki, birdən haqsızlıq olar, hakimlər erməni idmançıya köməklik edər, uduzaram. Ona görə də maksimum xal almağa çalışdım. Ən azı 4 xal olmalı idi. Rəqibin kürəyi yerə dəydiyi üçün 5 xal verdilər".
Onun sözlərinə görə, idmançı məğlubiyyəti özünə sığışdıra bilmir: "Özünə qapanırsan, içində ağlayırsan. Sözlə ifadə olunmayan çox pis hiss edirsən. Ötən il dünya çempionatından sonra psixoloji problemlər yaşayırdım. Yolu necə keçdiyimi bilmir, evdə divara yumruq vururdum. İştirak etdiyim bütün mundialların yarımfinalında məğlub olurdum. Bu dəfə şansı əldən vermək istəmirdim. Özümə deyirdim ki, kişiliyin olsun, bu, bəlkə də karyeranın son dünya çempionatıdır".