Şəhid İlkin Məmmədzadənin xatirəsinə beynəlxalq turnirin açılışı olub

Şəhid İlkin Məmmədzadənin xatirəsinə beynəlxalq turnirin açılışı olub DJ Fateh: "Bu, hamımız üçün ağır itki oldu"
Fərdi
20 Aprel , 2021 16:22
Şəhid İlkin Məmmədzadənin xatirəsinə beynəlxalq turnirin açılışı olub

Vətən müharibəsi şəhidi, baş leytenant İlkin Məmmədzadənin xatirəsinə həsr olunmuş onlayn şahmat üzrə Beynəlxalq Zəfər Kubokunun açılış mərasimi olub.

"Report"un məlumatına görə, koronavirus pandemiyası ilə bağlı onlayn formatda keçirilən tədbirdə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, şəhidin anası Fatma Məmmədova, "Breyn Rinq" layihəsinin və İTV-nin aparıcısı DJ Fateh, "İDEA" şahmat klubunun rəhbərliyi, Gəncə İntellektual Klubunun rəhbəri Natiq Salahov, şəhidin qohumu, "Report" İnformasiya Agentliyinin baş redaktor müavini Pərvin Abbasov, "Report" İnformasiya Agentliyinin İdman departamentinin redaktoru Elşən Məmmədov və yarışın baş hakimi Fidan Talıbova iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Raqif Abbasov iştirakçıları gənclər və idman naziri Azad Rəhimovun və turnirinin təşkilatçıları adından salamlayıb. Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı tarixi qələbədən söz açan İdarə rəisi 30 illik işğala son qoyan qəhrəmanlarımızdan birinin də İlkin Məmmədzadə olduğunu diqqətə çatdırıb. Şəhidin həyat yolundan, uğurlarından danışan Abbasov bildirib ki, döyüş meydanında göstərdiyi şücaət onun ömür yolunun bir hissəsidir:

"Hər şəhidin həyat yolu bir dastandır. Onlar haqqında günlərlə danışmaq olar. Belə övlad yetişdirdiyi üçün əziz anamızın qarşısında baş əyirəm. Biz bu bu gün onların hesabına başımızı dik tuturuq. Bir neçə saat əvvəl Hərbi Qənimətlər Parkında idik. O hissləri sözlə ifadə etmək mümkün deyil. Bu, bizim döyüş meydanındakı qələbəmizin bir hissəsidir".

R.Abbasovun sözlərinə görə, İlkin Məmmədzadənin xatirəsinə həsr olunmuş turnirin davamlı şəkildə olmasına çalışıcaqlar:

"Pandemiya səbəbindən tədbiri onlayn formatda keçiririk. Yarışlar çox olur. Bundan sonra da olacaq. Amma şəhidin xatirəsinə həsr olunmuş yarışda qazanılan uğur, diplom, qalibin şəxsi əşyaları arasında xüsusi yer tutacaq. Çox istərdik ki, Baş İdarədə keçiriləcək təltifolunma məraisimini şəhid anası etsin. Bu, sizlər üçün zərrə qədər də təsəlli olsa, buna ancaq sevinərik. Şəhidlərimizin ruhunu yaşatmaq üçün əlimizdən gələni etməliyik".

Daha sonra söz DJ Fatehə verilib. İlkin Məmmədzadə ilə bağlı xatirələrini bölüşən telejurnalist onun yoxluğunu ağır itki hesab etdiyini söyləyib:

"Hər şeydən öncə Fatma xanımı salamlamaq, acısını bölüşmək istəyirəm. İlkin "Breyn Rinq"in iştirakçılardan biri idi. Onun şəhid olduğu gün feysbuk səhifəmizdə bu barədə məlumat yazılanda hamı İlkini xatırladı. Hamımız üçün ağır itki oldu. Böyük faciə baş verdi, heyf ki, onu itirdik. İlkin hansı sahədə çalışmasından asılı olmayaraq, özünü ən yaxşı tərəfdən göstərdi. Bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm. İlkinin xatirəsini hər zaman əziz tutacağımıza söz verirəm. Arzu edirəm ki, ailəsi bir də belə ağır itki ilə üzləşməsin".

Turnirin təşkilinə görə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinə təşəkkür edən DJ Fateh idarənin hər zaman tarixdə iz qoymuş qəhrəmanlarımızı yada saldığını xatırladıb: "Hər zaman bu cür işlərlə başımızı uca edib. Təşkilatçılar arasında bu idarənin adını eşidəndə fərəh hiss keçirdim ki, İlkin də diqqətdən kənarda qalmayıb. Şəhidimizin xatirəsinə şahmat turnirinin keçirilməsi onun hərbçi kimi də itizəkalı insan olmasının göstəricisidir. Rəmzi mükafatlar olacaq. Mükafatlandırmada Fatma xanımın iştirakı hamını sevindirəcək. Allah bütün şəhidlərimizə rəhmət etsin".

Ardınca çıxış edən şəhidin anası Fatma Məmmədova təşkilatçıları və qonaqları salamlayaraq, əziyyəti keçən hər kəsə minnətdarlığını bildirib:

"Sağ olun ki, övladımın adını əbədiləşdirirsiniz. Qələbədə tarix yazanlardan biri də mənim 28 yaşlı övladım oldu. İlkin həm yaxşı insan, həm dost idi. Ölümündən sonra ailəmizi daha da qürurlandırdı. Onu dəfn edəndə təşəkkür etdim ki, bizə bu qüruru yaşatdı. Şahmat oyunu da hərb kimidir. Yarışda iştirak edən hər kəsə uğurlar arzu edirəm".

Gəncə İntellektual Klubunun rəhbəri Natiq Salahov isə İlkin Məmmədzadənin bu komandanın üzvü olmaqla yanaşı, həm də onu özünə kiçik qardaş saydığını deyib: "Hər şeydə nümunə idi. Gəncədə Aqrar Universitetdə oxuyanda imtahanlarında iştirak etmişəm. Elə insanlar çox az olur. Vətənpərvər uşaq idi. Xəbərini eşidəndə çox pis oldum. Sumqayıtdan olsa da, Gəncəmizin fəxri idi. Hər şeydə adı kimi ilkin olmağı bacardı. Danışmaq həqiqətən çox çətindir. İlkin gənclərə nümunə olub, elə də qalacaq. Gəncədə ikinci vətənində onun xatirəsinə turnir keçirilməyi planlaşdırırıq. Sevindiricidir ki, belə oğullar unudulmur".

Daha sonra şəhidin qohumu Pərvin Abbasov onunla bağlı fikirlərini bölüşüb. O, İlkin Məmmədzadənin ideal insan olduğunu bildirib:

"İlkin mənim anamın əmisi nəvəsidir. Yaşca məndən kiçik olduğuna görə uşaqlıqda mənə "dayı" deyərdi. Uşaqlığının böyük hissəsi gözümüzün qabağında keçib. Gözəl ailə tərbiyəsi almış oğlan idi. Elə bir insan idi ki, hansı sahədə olmasından asılı olmayaraq, hər işi vicdanla yerinə yetirərdi. Bəzən dünyadan köçmüş insanlar haqqında ən yaxşı sözləri deməyə çalışırıq. Amma İlkin doğrudan da ideal insan idi. Daim kitab oxuyurdu. Pis vərdişlərdən uzaq, layiqli, vicdanlı, vətənpərvər vətəndaş idi. Şəhid olması hamımızı üzdü. Daim qəlbimizdə yaşçayacaq. Tədbirin təşkilatçılarına və iştirakçıların hər birinə minnətdarlığımı bildirirəm".

Sonda isə Elşən Məmmədov çıxış edərək, belə oğullarla fəxr etdiyini söyləyib: "Bütün təşkilatçıları və iştirakçıları salamlayıram. Bu, ilk belə turnir deyil. Raqif müəllim başda olmaqla, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi indiyədək 100-dən çox şəhidin xatirəsinə turnir təşkil edib. Biri də bizim ailənin üzvü, qardaşım oğlu Ülvü Məmmədovun xatirəsinə həsr olunmuş Beynəlxalq Zəfər Kuboku idi. Yüksək səviyyədə turnir alındı. İştirakçı ölkələrin sayı və miqyasına görə beynəlxalq status qazandı. Hətta qaliblər arasında beynəlxalq usta da var idi. Bütün şəhidlər bizim üçün qürur mənbəyidir. Hər biri ilə fəxr edirik. İlkinin ailəsinə baş çəkdik. Orada xatirə bulağı istifadəyə verildi. Necə ziyalı ailədə böyüdüyünü gördük. Fəxr edirik ki, bizim belə oğullarımız, şəhidlərimiz var".

Sonda isə yarışın baş hakimi Fidan Talıbova qaydalar barədə iştirakçıları məlumatlandırıb: "Allah şəhidimizə rəhmət etsin. Ailəsinə səbr diləyirəm. Şəhidlərin xatirəsinə 100-dən çox turnirimiz baş tutub. Bunların ərsəyə gəlməsində xüsusi rolu olan Raqif müəllimə təşəkkür edirəm. Şəhidlərimizin qəhrəmanlıqlarını tanıtmaqda rolumuz varsa, buna yalnız sevinə bilərik. İsveçrə sistemi ilə keçiriləcək yarış 9 turdan ibarət olacaq. Bu da beynəlxalq turnir statusu daşıyacaq. Türkiyə və Gürcüstandan hərəyə 2, Rusiya və İrandan isə 1 şahmatçı iştirak edəcək. Ümumilikdə isə turnirə 100-dək iştirakçının qoşulacağı gözlənilir".

Zəfər Kuboku Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və "İDEA" şahmat klubunun təşkilatçılığı ilə keçirilir.

Qeyd edək ki, Məmmədzadə İlkin Əzizağa oğlu 19 dekabr 1991-ci ildə Sumqayıtda anadan olub. 1997-2008-ci illərdə Sumqayıt şəhərində 42 saylı məktəbdə təhsil alıb, məktəbi fərqlənmə ilə bitirib. 2008-ci ildə Azərbaycan Dövlət Aqrar Universitetinin Balıqçılıq Təsərrüfatı ixtisasına qəbul olub. Universitetdə oxuduğu müddətdə Gənclər Təşkilatına sədrlik edib, "Xəmsə" və "Breyn Rinq" yarışmalarına qatılıb. 2012-ci ildə Universiteti qırmızı diplomla başa vurub. 2012-2013-cü illərdə Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunda hərbi xidmətdə olub. 2014-2016-cı illərdə Gəncə Dövlət Aqrar Universitetində magistr təhsili alıb.

2016-cı ilin fevral ayından etibarən hərbçi kimi xidmətə başlayıb. İlkin Məmmədzadə Vətən müharibəsinin ilk günlərindən döyüşlərdə iştirak edib. 21 nəfərə yaxın yaralı hərbiçini döyüş meydanından çıxaran baş leytenant oktyabrın 7-də Tərtər-Ağdərə istiqamətində "Tülkü Dərəsi" adlanan ərazidə açıq döyüşdə hücum zamanı qəhrəmancasına şəhid olub. Prezident İlham Əliyevin sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və "İDEA" şahmat klubu pandemiya dövründə müntəzəm olaraq onlayn yarışlar təşkil edir. Daha əvvəl Qubadan olan Vətən müharibəsi şəhidi Ülvü Məmmədovun xatirəsinə Beynəlxalq Zəfər Kuboku keçirilib.

Son xəbərlər

Orphus sistemi