Rusiyalı gimnast: "Bakıdakı yarışlarda hər zaman çılğın azarkeşlər olub"

Rusiyalı gimnast: "Bakıdakı yarışlarda hər zaman çılğın azarkeşlər olub" Dünyadakı vəziyyət bizi azarkeşsiz çıxış etməyə məcbur edir
Fərdi
8 May , 2021 17:24
Rusiyalı gimnast: Bakıdakı yarışlarda hər zaman çılğın azarkeşlər olub
Darya Trubnikova

"Dünənki çıxışım daha yaxşı alındı. Ümumi götürsək, bugünkü performansımdan da razıyam. Amma daha yaxşı ola bilərdi".

"Report"un məlumatına görə, bu fikirləri Rusiya bədii gimnastı Darya Trubnikova Bakıda keçirilən Dünya Kubokundakı çıxışı barədə danışarkən deyib.

18 yaşlı idmançı bildirib ki, bugünkü çıxışı zamanı ona heç nə mane olmayıb: "Hər şey qaydasında, rahat idi. Sadəcə, lentlə hərəkətlərdə bir elementi düzgün yerinə yetirə bilmədim. Ona görə belə alındı".

3 il əvvəl də Bakıda olduğunu xatırladan Trubnikova Azərbaycan paytaxtında gimnastlar üçün yaradılan şəraitdən razılıq ifadə edib: "Hər şey inanılmazdır. Təşkilatçılıq yüksək səviyyədədir. Milli Gimnastika Arenası isə çox gözəldir".

O, pandemiya şəraitində keçirilən yarışlara öyrəşdiyini söyləyib: "Turnirlər zamanı, xüsusilə Bakıdakı yarışlarda hər zaman çılğın azarkeşlər olub. Amma indi nəinki burada, bütün dünyadakı vəziyyət bizi azarkeşsiz çıxış etməyə məcbur edir. Təşkilatçılar əllərindən gələni edirlər ki, idmançlılar çətinlik çəkməsinlər".

Finala vəsiqəni təmin edən idmançı sabah da uğurla çıxış edəcəyinə inandığını vurğulayıb: "Hər şeyə yenidən, yeni güclə başlayacağam. Mübarizə güc və səbr tələb edir. İnanıram ki, nəticə yaxşı olacaq".

Qeyd edək ki, Darya Trubnikova Yeniyetmələrin Yay Olimpiya Oyunlarının və gənclər arasında Avropa çempionatının ikiqat qalibidir.

Son xəbərlər

Orphus sistemi